Xərçəng dərmanları şirkətin mənfəətini artırdı – 1,5 milyard dollarlıq plan

Britaniyanın ən böyük əczaçılıq şirkəti “AstraZeneca”nın xalis mənfəəti 2026-cı ilin üçüncü rübündə 23 faiz artıb. Şirkət əldə edəcəyi qənaəti əsasən yeni dərmanların hazırlanmasına yönəltməyi planlaşdırır.

Şirkətin iyul-sentyabr aylarını əhatə edən hesabat dövründə vergilərdən sonrakı mənfəəti 23 faiz artaraq 3,12 milyard dollara çatıb. Gəlirlər isə 7 faiz artımla 16,2 milyard dollar təşkil edib.

Mənfəətin yüksəlməsində əsas pay onkoloji dərmanların satışına məxsus olub. Şirkətin ən böyük fəaliyyət istiqaməti olan onkologiya bölməsinin gəlirləri 17 faiz artaraq 7,8 milyard dollara yüksəlib. Bu artımda ağciyər xərçənginin müalicəsində istifadə olunan “Tagrisso” və immunoterapiya preparatı “Imfinzi” mühüm rol oynayıb.

Şirkət eyni zamanda “Reshaping for Sustainable Growth” adlı yeni qənaət proqramını elan edib. Proqram çərçivəsində ildə 1,5 milyard dollar qənaət edilməsi nəzərdə tutulur. Əldə olunan vəsaitin əsasən hazırlanma mərhələsində olan yeni dərman layihələrinə yatırılması planlaşdırılır.

180-dən çox layihəni əhatə edən proqramın 2029-cu ilin sonunadək əsasən tamamlanması gözlənilir. Bununla belə, restrukturizasiya tədbirləri şirkətdə iş yerlərinin ixtisarına səbəb ola bilər. Hələlik konkret ixtisar qərarı açıqlanmayıb. Proqramın həyata keçirilməsi üçün şirkət 2 milyard dollara qədər birdəfəlik restrukturizasiya xərci çəkə bilər.

“AstraZeneca”nın baş icraçı direktoru Paskal Soriot bildirib ki, şirkət 2030-cu il üçün müəyyən etdiyi hədəflərə çatmaq istiqamətində irəliləyir.

Köhnə dərmanların satışında geriləmə

Şirkətin ümumi göstəriciləri artsa da, bəzi dərmanların satışında azalma qeydə alınıb. Diabet, ürək və böyrək xəstəliklərinin müalicəsində istifadə olunan “Farxiga” preparatının satışları ABŞ bazarında daha ucuz generik dərmanların ortaya çıxmasından sonra 25 faiz azalaraq 1,6 milyard dollar olub. Qan durulaşdırıcı “Brilinta” da patent müdafiəsini itirib.

“AstraZeneca” Çində də qiymət təzyiqi ilə üzləşir. Ölkədə tətbiq olunan dövlət satınalma mexanizmi dərman istehsalçılarını böyük həcmli sifarişlər müqabilində qiymətləri aşağı salmağa məcbur edir.

Şirkət 2026-cı il üzrə maliyyə proqnozunu dəyişməyib. Gəlirlərin orta və yüksək birrəqəmli faizlə, əsas səhm üzrə mənfəətin isə aşağı ikirəqəmli faizlə artacağı gözlənilir.

“AstraZeneca” 2030-cu ilədək illik gəlirlərini 80 milyard dollara çatdırmağı hədəfləyir.

Müqayisə üçün, şirkətin 2025-ci ildə gəliri təxminən 59 milyard dollar olub. Yeni hədəfə əsasən, gəlirlərin yarısının ABŞ bazarından əldə edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, şirkət arıqlama preparatları bazarında da mövqeyini gücləndirməyə çalışır. Hazırda “Wegovy” və “Mounjaro” kimi dərmanlarla rəqabət aparacaq yeni çəkiazaltma preparatı üzərində işləyir.