Qazaxıstanda Rusiya vətəndaşlarına avtomobil satışından imtina halları qeydə alınır. Hətta ölkədə qeydiyyatı olan rusiyalılar da sanksiyalar səbəbindən avtomobil ala bilmirlər.
Bu barədə “Mash Money” məlumat yayıb.
Məlumata görə, belə halla Rusiyanın bir vətəndaşı Almatı şəhərindəki “Skoda” avtosalonunda qarşılaşıb. Salon əməkdaşları Avropa İttifaqının sanksiyalarını və Çexiya istehsalçısının siyasətini əsas gətirərək Rusiya pasportu ilə avtomobil satışını rəsmiləşdirməkdən imtina ediblər.
Rusiyalılara avtomobil satışından imtina halları əvvəllər də qeydə alınıb. Lakin əvvəlki məhdudiyyətlər əsasən Qazaxıstanda yaşamayan Rusiya vətəndaşlarına şamil edilib.
“Autonews” və “Kazakhstan Today” nəşrlərinin məlumatına görə, Qazaxıstandakı “Hyundai”, “Kia”, “Toyota”, “Volkswagen”, “Chery”, “Audi”, “Nissan”, “Lexus” və “Lada” dilerlərində də oxşar məhdudiyyətlər tətbiq olunub. “Volkswagen” bu addımları siyasi vəziyyətlə əlaqələndirib. “Kia” avtomobilini isə Rusiya vətəndaşı yalnız yaşayış icazəsi və ya fərdi identifikasiya nömrəsi (İİN) olan vergi qeydiyyatı sənədi təqdim etməklə ala bilərdi. “Audi” nümayəndəsi əcnəbilərə satışdan imtinanı istehsalçının qərarı ilə izah edib.
“El.kz” nəşri yazır ki, bəzi dilerlərin sanksiyalar səbəbindən Rusiya vətəndaşları ilə müqavilə bağlamaqdan çəkinməsi onları vasitəçilərin xidmətindən istifadə etməyə vadar edir. Yekaterinburq sakini İlya Mazayev “Avto Mail”ə açıqlamasında Qazaxıstanda avtomobil alarkən bəzi məsələləri qeyri-rəsmi yollarla həll etmək təklifləri ilə qarşılaşdığını bildirib.
Milli Avtomobil İttifaqının vitse-prezidenti Anton Şaparin satışdan imtinaları dilerlərin avtomobil tədarükünü itirmək qorxusu ilə əlaqələndirib. Onun sözlərinə görə, avtomobil istehsalçıları Qazaxıstan dilerlərinin Rusiyaya qarşı sanksiyalardan yayınmağa kömək etdiyindən şübhələnə və onlarla əməkdaşlığı dayandıra bilərlər.