Bakı, 27 oktyabr, AZƏRTAC Bakı, 27 oktyabr, AZƏRTAC2013-cü ildən etibarən turizm “Bakı Prosesi” çərçivəsində keçirilən Forumun müzakirələrinin mühüm tərkib hissəsinə çevrilib. Bu müzakirələr turizmin mədəniyyətlərarası anlaşmanın təşviqinə, mədəni irsin qorunmasına və yeni əməkdaşlıq imkanlarının yaradılmasına töhfəsini araşdırmaq məqsədilə dünyanın müxtəlif ölkələrindən olan mütəxəssisləri bir araya gətirir.AZƏRTAC xəbər verir ki, bu fikirləri VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil olunan “Ortaq gələcək naminə turizm: inklüzivlik, bərabərlik və icma liderliyi sülhün qurulmasına necə töhfə verir?” adlı panel sessiyada Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev səsləndirib.O qeyd edib ki, turizm insanların bir-birini daha yaxından tanımasına, müxtəlif xalqların mədəniyyəti və ənənələri haqqında məlumat əldə etməsinə şərait yaradır. Yeni məkanları kəşf etmək insanların dünyagörüşünü genişləndirir, tolerantlığı və qarşılıqlı hörməti gücləndirir. Turizm xalqlar arasında körpü rolunu oynayaraq mədəni fərqliliklərə baxmayaraq, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edir.“BMT Turizm Təşkilatı ilə birliktə turizmin münaqişədən sonrakı dövrdə icmaların bərpasına, qarşılıqlı hörmətin, birliyin və sülhün təşviqinə töhfəsini nümayiş etdirən qabaqcıl təcrübələri araşdırmışıq. Əməkdaşlığımız Forum çərçivəsindən kənarda da mühüm təşəbbüslərin həyata keçirilməsinə imkan yaradıb. 2024-cü ildə Azərbaycan COP29-a uğurla ev sahibliyi edib. Konfrans çərçivəsində Dövlət Turizm Agentliyi, BMT Turizm Təşkilatı və COP29 Sədrliyinin birgə təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişikliyi Konfransında ilk dəfə Turizm Günü keçirilib. Bu təşəbbüs iqlim dəyişikliyi ilə mübarizədə turizmin roluna diqqətin artırılmasına xidmət edib”, – deyə F.Nağıyev bildirib.Agentlik sədri vurğulayıb ki, əməkdaşlığın mühüm nəticələrindən biri turizm sahəsində iqlim fəaliyyəti üzrə səylərin gücləndirilməsinə dair Bakı Bəyannaməsinin qəbul edilməsi olub. Sənəd emissiyaların azaldılması və iqlim dəyişikliyinə uyğunlaşma məqsədləri ətrafında dövlətləri və qeyri-dövlət iştirakçılarını bir araya gətirməklə yanaşı, turizm sektorunda gələcək fəaliyyət üçün ümumi çərçivə müəyyənləşdirib.“Bu gün əsas diqqətimizi inklüzivlik, əlçatanlıq və gender bərabərliyinin roluna, eləcə də turizmin hər kəs üçün daha açıq və əlçatan olmasında bərabər imkanların əhəmiyyətinə yönəldəcəyik”, – deyə F.Nağıyev əlavə edib. Müxbirlər - Günel Alıyeva, Nərmin Muradzadə Foto - Orxan Kərimov Video - Ələkbər Baxşiyev