Avropada iqlim risklərinə qarşı dayanıqlılıq gücləndirilir

Berlin, 27 oktyabr, AZƏRTAC Avropa Komissiyası Avropanın iqlim risklərini qabaqcadan müəyyənləşdirmək, onlara hazırlaşmaq və idarə etmək imkanlarını gücləndirmək məqsədilə İqlim dayanıqlılığı çərçivə sənədini təqdim edib.AZƏRTAC xəbər verir ki, Komissiyanın məlumatında 2022–2025-ci illərdə iqlim dəyişmələrinin vurduğu iqtisadi zərərin təxminən 200 milyard avro, orta illik hesabla isə 50 milyard avro təşkil etdiyi vurğulanıb.Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen bildirib ki, Avropa qlobal orta göstərici ilə müqayisədə iki dəfə sürətlə istiləşir. O deyib ki, iqlim dəyişmərinə qarşı dayanıqlılığı təmin etmək üçün Avropa riskləri qabaqcadan qiymətləndirməli, hazırlaşmalı və dəyişən şəraitə uyğunlaşmalıdır.Çərçivə sənədi iqlim dayanıqlılığının əsas siyasət sahələrinə daxil edilməsini, yerli və regional hakimiyyət orqanlarının dəstəklənməsini, eləcə də iqlim risklərinin daha müntəzəm qiymətləndirilməsini nəzərdə tutur. Sənədə əsasən, Avropanın infrastrukturunu və iqtisadiyyatını gələcək iqlim şəraitinə uyğunlaşdırmaq üçün ildə təxminən 70 milyard avro investisiya tələb oluna bilər. Avropa Komissiyası, həmçinin milli planlaşdırma öhdəliklərinin sadələşdirilməsini və iqlim risklərinin qiymətləndirilməsi üçün vahid milli strateji planın tətbiqini təklif edir.Komissiya çərçivənin icrasına dərhal başlayacaq. 2028-ci ildə isə Avropa İttifaqı səviyyəsində iqlim dayanıqlılığı üzrə strateji planın təqdim edilməsi nəzərdə tutulur. Elvin Mövsüm AZƏRTAC-ın xüsusi müxbiri Berlin