Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə süni intellektin uşaq mütaliəsinə təsiri araşdırılıb

Bakı, 27 oktyabr, AZƏRTAC Bakı Ekspo Mərkəzində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə “Rəqəmsal dövrdə uşaq ədəbiyyatı və süni intellekt” adlı elmi-nəzəri konfrans keçirilib.AZƏRTAC xəbər verir ki, “Həyat ekrandan böyükdür: Bir uşaq, bir kitab, bir gerçək dünya” şüarı ilə təşkil olunan XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində baş tutan konfrans uşaq ədəbiyyatının müasir inkişaf tendensiyalarının, kitabxanaların rəqəmsal transformasiyasının, elektron resursların uşaq və yeniyetmələrin mütaliə vərdişlərinə təsirinin, eləcə də süni intellektin bu sahədə yaratdığı imkanların müzakirəsinə həsr edilib.Konfransın açılışında Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova çıxış edərək süni intellektin sürətli inkişafı şəraitində insan düşüncəsinin, yaradıcılığının, mənəvi dəyərlərin və canlı ünsiyyətin qorunmasının vacibliyini vurğulayıb. O, müasir kitabxanaların rəqəmsal transformasiyaya adaptasiya olunmasının, uşaqların etibarlı informasiya resurslarına çıxışının təmin edilməsinin və cəmiyyətdə mütaliə mədəniyyətinin formalaşdırılmasının əhəmiyyətini diqqətə çatdırıb.Tədbir müxtəlif elmi məruzələrlə davam edib. Konfransda Bakı Dövlət Universitetinin dosentləri Knyaz Aslan, Solmaz Sadıqova, müəllim Namiya Xəlilova, Azərbaycan Dillər Universitetinin dosenti Pakizə Əliyeva, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dosentləri İlhamə Ağazadə, Gülnar Qəmbərova və Səadət Bayramova, Bakı şəhəri 12 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbinin loqopedi Günel Həsənova, Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun alimi Şəfəq İslamova, eləcə də AMEA Mərkəzi Elmi Kitabxanasının baş mütəxəssisi Günel Hüseynova çıxış ediblər.Məruzələrdə uşaq ədəbiyyatının müasir cəmiyyətdə rolu, mütaliənin uşaqların intellektual və mənəvi inkişafına təsiri, rəqəmsal mühitin oxu vərdişlərində yaratdığı dəyişikliklər, kitabxanaların innovativ fəaliyyət istiqamətləri və süni intellekt texnologiyalarının təhsil, ədəbiyyat və informasiya xidmətlərində tətbiqi imkanları ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, rəqəmsal texnologiyalardan məqsədyönlü istifadənin, uşaqların informasiya savadlılığının artırılmasının, onların yaş xüsusiyyətlərinə uyğun və etibarlı rəqəmsal məzmunla təmin edilməsinin vacibliyi qeyd olunub.Tədbirdə alimlər, gənc tədqiqatçılar və sahə mütəxəssisləri elmi yanaşmalarını bölüşərək uşaq ədəbiyyatının təbliği, müasir dövrdə mütaliəyə marağın artırılması, ənənəvi kitab mədəniyyətinin rəqəmsal imkanlarla uzlaşdırılması və süni intellektdən məsuliyyətli istifadə məsələlərini müzakirə ediblər. Səsləndirilən fikirlər dəyişən informasiya mühitində uşaq ədəbiyyatının inkişaf perspektivlərinin və kitabxanaların rolunun aktuallığını bir daha önə çıxarıb.Konfransın əsas məqsədi rəqəmsal dövrdə uşaq ədəbiyyatının inkişaf istiqamətlərini elmi müstəvidə araşdırmaq, süni intellektin kitabxana fəaliyyətinə təsirini qiymətləndirmək, rəqəmsal texnologiyaların mütaliə mədəniyyətinin formalaşdırılmasında yaratdığı imkanları müəyyənləşdirmək, eləcə də mütəxəssislər arasında elmi fikir mübadiləsini və əməkdaşlığı təşviq etmək olub.Tədbirin sonunda elmi proqramda məruzələrlə çıxış edən iştirakçılara sertifikatlar təqdim edilib.