Prezidentin vəzifədən azad etdiyi Mirsaleh Seyidov kimdir?

Xəbər verdiyimiz kimi, Mirsaleh Seyidov ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

M.Seyidov 2 il 11 ay bu vəzifədə işləyib.

Mirsaleh Miradil oğlu Seyidov bağlı maraqlı faktları təqdim edir.

O, 1977-ci ildə Sumqayıt şəhərində anadan olub.

1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bakalavr, 2002-ci ildə isə magistr pillələrini fərqlənmə diplomları ilə bitirib.

1999-cu ildən Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Əməliyyat-rejim şöbəsinin rejim və nəzarət xidmətinin təşkili bölməsinin nəzarətçilər üzrə inspektoru vəzifəsində əmək fəaliyyətinə başlayıb, fevral ayından isə həmin İdarənin Rejim-nəzarət şöbəsinin inspektoru vəzifəsinə təyin olunub.

2001-ci ilin avqust ayında Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin 3 saylı istintaq təcridxanasının Rejim mühafizə və nəzarət şöbəsinin rəisi, 2006-cı ilin noyabr ayından Penitensiar xidmətin 3 saylı istintaq təcridxanasının tərbiyə işləri üzrə rəis müavini, 2008-ci ilin fevral ayından isə 3 saylı istintaq təcridxanasının əməliyyat-rejim işləri üzrə rəis müavini vəzifələrində xidmət edib.

2009-cu ilin fevral ayından Penitensiar xidmətin 15 saylı cəzaçəkmə müəssisəsinin rəisi, 2011-ci ilin avqust ayından 2016-cı ilin fevral ayınadək isə 10 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsində işləyib. 2016-cı ilin fevral ayından 2023-cü ilin iyul ayınadək Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinin rəisi vəzifəsində çalışıb.

2023-cü il iyul ayının 10-da Prezident İlham Əliyevin imzaladığı Sərəncamla ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilmişdi.

2023-cü il noyabr ayının 21-də Prezident İlham Əliyevin imzaladığı Sərəncamla ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilib.

2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin 63 nömrəli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı və “Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918−2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.

2023-cü ildə “Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993-2023)" Azərbaycan Respublikasının yubiley medalı, “Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993-2023)" Azərbaycan Respublikasının yubiley medalı və “Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993-2023)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin 4289 nömrəli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.

Ailəlidir, iki övladı var.