Derbi dava-dalaş və qırmızı vərəqələrlə bitdi

Türkiyə çempionatında böyük maraqla gözlənilən derbi ''Qalatasaray''ın qələbəsi ilə yekunlaşdı.

Son çempion Viktor Osimhenin qolları ilə əzəli rəqibini 2:1 məğlub edərək aradakı xal fərqini 6-ya yüksəltdi. 90 dəqiqə ərzində futbolçular arasında ciddi münaqişə yaşanmasa da, final fitindən sonra necə deyərlər, iş cığırından çıxdı.

Hər şey Kərəm Aktürkoğlu ilə Rolan Şallai arasındakı gərginliklə başladı. Daha sonra bu ikilinin arasına ''Qalatasaray''ın məşqçilər korpusunun bir üzvü, ardından da digər oyunçular qoşuldular. Məhz həmin məqamda Arçi Braun ilə Əbdülkərim Bardakcının sözün əsl mənasında güləşməsi və bir-birini yerə yıxmağa çalışması diqqət çəkdi. Telefonla çəkilmiş bu görüntülər sosial şəbəkələrdə böyük müzakirələrə səbəb oldu. Digər futbolçular yerə yıxılan bu iki ismi ayırmağa çalışdı. Polislər də olaya müdaxilə etdilər. Təxminən 3-4 dəqiqə davam edən bu dava-dalaş polislərin araya girməsindən sonra başa çatdı.

Bu olaylar qırmızı vərəqəsiz ötüşmədi. Hakimin Braun ilə Bardakcıya qırmızı vərəqə göstərdiyi məlum oldu. Aktürkoğlu ilə Şallai isə sarı vərəqə aldılar. Braun stadionu tərk edərkən onun boğazında ciddi cırmaq izləri olduğu göründü. Bu futbolçu jurnalistlərlə söhbətdə bunları dedi:

''Oyunun sonunda Əbdülkərim Bardakcı Genduzinin saçlarından tutdu. Mən də komanda yoldaşımı qorumaq istədim. Amma qadın kimi bunu etdi (boğazını göstərir). ''Qalatasaray''lıların etdikləri məhz bunlardı. Həm cırmaq atırlar, həm də qadın kimi saçdan yapışırlar''.

Əbdülkərim də olayla bağlı qısa açıqlama verərək qarşı tərəfi günahlandırdı:

''Həmin videonu izləsəz, birinci kimin kimə hücum çəkdiyini görərsiz''.