Ermənistan müxalifəti Paşinyanın növbədənkənar seçki təhdidini müzakirə edib.
Ermənistanın “Hraparak” qəzeti “Güclü Ermənistan” partiyasında baş nazir Nikol Paşinyanın yeni Konstitusiya ilə bağlı açıqlamasına necə cavab verilməsi məsələsinin müzakirə olunduğunu yazıb.
Nəşrin məlumatına görə, müxalifət daxilində Paşinyanın bəyanatına açıq şəkildə cavab vermək, yoxsa məsələ gündəmə gələnədək gözləmək barədə fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, Paşinyan müxalifəti yeni Konstitusiya ilə bağlı razı sala bilməyəcəyi təqdirdə növbədənkənar seçkilərə gedə biləcəyini bildirib.
“Güclü Ermənistan” fraksiyasının katibi isə partiyanın yeni Konstitusiya üzrə referendumun keçirilməsini dəstəkləməyəcəyini açıqlayıb. O, Konstitusiyanın dəyişdirilməsinə qarşı olduqlarını və növbədənkənar seçkilərə hazır olduqlarını bildirib.
Qəzet yazır ki, müzakirələr zamanı müxalifət nümayəndələri sərt cavabın arzuolunmaz nəticələrə səbəb ola biləcəyini, Paşinyanın onlara qarşı yenidən təzyiq vasitələrindən istifadə edə biləcəyini ehtimal ediblər. Bununla belə, onlar hesab ediblər ki, baş nazirin çağırışına cavabsız qalmaq olmaz.
Müxalifət nümayəndələrinin fikrincə, Paşinyan referendum keçirməyə hazırlaşır.
Nəşr qeyd edir ki, hazırda Paşinyan müxtəlif istiqamətlərdən təzyiqlərlə üzləşir. Rusiyanın Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı arasında seçim məsələsini gündəmə gətirdiyi, Qərbin isə Ermənistanın Rusiyadan uzaqlaşmasını istədiyi iddia olunur.
Azərbaycanla münasibətlərdə isə anklavlar və Ermənistanın yeni Konstitusiyası məsələləri əsas mübahisə mövzuları kimi göstərilir.