"Paşinyan vaxt qazanmaq üçün referendumu indiki hakimiyyət müddətinin sonuna saxlayacaq"

Azərbaycan prezidentinin "kövrək sülh" xəbərdarlığı, Ermənistan baş nazirinin isə sülh məsələsini 2031-ci ilədək həll etməklə bağlı dedikləri Bakı-Yerevan xəttindəki ziddiyyətləri yenidən qabardıb. Ötən il Vaşinqton sammitində paraflanan sülh müqaviləsi niyə ləngiyir və prosesi kim yubadır?

Prezident İlham Əliyev oktyabrın 15-də Ermənistanla sülhün hələ də kövrək olduğunu bildirib: "Biz sülh təklif etdik və bir ildən bir az çoxdur ki, sülh içində yaşayırıq. Bu sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır".

Elə həmin gün Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh məsələsini 2031-ci ilədək həll etməyi hədəflədiyini deyib. O, həmin il hökumətinin səlahiyyət müddətinin başa çatacağını vurğulayıb. Paşinyan bu müddətdə sülh sazişinin imzalanması və ratifikasiyasını "ən vacib vəzifə" adlandırıb: "Şəxsi planlarım baxımından da bu məsələnin 2031-ci ilə qədər həllini tapmasını çox vacib hesab edirəm və bunun real olduğunu görürəm".

2025-ci il avqustun 8-də Vaşinqtonda sülh sazişinin mətni paraflansa da, sənəd hələ rəsmən imzalanmayıb. Bakı Ermənistan Konstitusiyasının dəyişdirilməsini əsas şərt kimi irəli sürür. Yerevan isə sazişin imzalanmasını gecikdirməməyə çağırır. Beləliklə, tərəflər sülhün zəruriliyini qəbul etsələr də, onun hansı şərtlərlə rəsmiləşdirilməsi barədə fikir ayrılığı qalmaqdadır.

Yerevanın referendum sınağı

Azərbaycan Ermənistan Konstitusiyasının preambulasında özünə qarşı ərazi iddialarının yer aldığını bildirərək dəyişiklik tələb edir.

Ermənistanlı siyasi şərhçi Ruben Mehrabyan hesab edir ki, Konstitusiya məsələsi sülh müqaviləsinin imzalanmasını təxirə salmaq üçün əsas olmamalıdır.

"Bu narahatlıqları haqlı saysaq belə, sülh müqaviləsinin imzalanması ilə həmin məsələlər dərhal aradan qalxardı. Çünki beynəlxalq müqavilələr daxili qanunvericilikdən hər zaman üstündür", – deyə Mehrabyan AzadlıqRadiosuna bildirib.

O, paraflanmış sazişdə tərəflərin öhdəliklərinin icrasından yayınmasını önləyəcək müddəanın olduğunu xatırladır.

Mehrabyanın fikrincə, Ermənistan müqaviləni indi də imzalaya bilər, amma Bakı əlavə şərtlərin yerinə yetirilməsini tələb etdiyindən tərəflərin siyasi yanaşmaları fərqlənir.

Azərbaycandakı Topçubaçov Mərkəzinin həmtəsisçisi Rusif Hüseynov Paşinyanın referendumdan uğurla çıxacağına şübhə ilə yanaşır. Parlamentdə üçdə iki səs çoxluğunu təmin etmək zərurəti kimi ciddi bürokratik maneələr bu nəticəni sual altına alır: "Referendumun uğursuzluqla nəticələnməsi Paşinyanın legitimliyinə böyük zərbə vura bilər. O, son seçkilərdə çətinliklə də olsa qalib gəlib növbəti beş il üçün mandat qazandı, lakin referendumda büdrəməsi onun mövqeyini ciddi şəkildə sarsıdar. Düşünürəm ki, o, sadəcə vaxt qazanmaq üçün referendumu indiki mandatının sonuna yaxın bir vaxta planlaşdıracaq və həmin müddət ərzində özü üçün əlverişli siyasi zəmin hazırlamağa çalışacaq".

Ekspertin qənaətinə görə, mövcud hakimiyyət 2018-ci ildən bəri konstitusiyanı Qərb standartlarına uyğunlaşdırmaq niyyətində olsa da, hazırkı şəraitdə erməni cəmiyyəti bu addımı məhz Azərbaycanın tələbi kimi qiymətləndirərək yeni konstitusiya modelinə qarşı çıxa bilər.

Topçubaçov Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılmış Regional Araşdırmalar İctimai Birliyi daxilində fəaliyyət göstərir.

Xalq diplomatiyası

Hərbi qarşıdurmanın aktiv fazası Vaşinqton sammiti ilə bitsə də, sülh prosesi mahiyyətcə yenicə başlayıb. Bunu isə sülh və münaqişə araşdırmaçısı Mirkamran Hüseynli deyir. O, Bakının irəli sürdüyü üç əsas şərtdən ikisi — ATƏT-in Minsk qrupunun ləğvi və Naxçıvana maneəsiz keçid üzrə artıq razılıq əldə olunduğunu vurğulayır. Bununla belə, Ermənistan konstitusiyasının preambulasının dəyişdirilməsi isə hələ də referendum keçirilməsini tələb edir.

Təhlilçi danışıqların yalnız rəsmi hakimiyyətlər və onlara yaxın qurumlar səviyyəsində qapanmasını prosesin zəif tərəfi adlandırır: "Həqiqi sülhə nail olmaq üçün həm müstəqil QHT təmsilçiləri, həm də xalq diplomatiyası prosesin aktiv iştirakçısına çevrilməlidir. Əks halda, danışıqlar müxtəlif mərhələlərdə dalana dirənə bilər. Bunun bənzər bir nümunəsini ötən ay Qarabağdakı kilsələrin ətrafında yaşanan qarşılıqlı narazılıqlar zamanı aydın gördük. Gələcəkdə bu cür anlaşılmazlıqların yenidən yaranmayacağına heç kim zəmanət verə bilməz. Odur ki, davamlı sülh istəyiriksə, QHT nümayəndələri və xalq diplomatiyası sülh prosesinə mütləq cəlb olunmalıdır".

Elə Ermənistan və Azərbaycan ekspertlərinin Yerevanda keçirilməsi nəzərdə tutulan müzakirələri də məhz ötən ay təxirə salınıb. Ermənistan tərəfi iddia edir ki, görüş rəsmi Bakının istəyi ilə, ölkələr arasındakı "gərginlik səngiyənə qədər" təxirə salınıb. Həmin ərəfədə hər iki tərəf arasında Qarabağdakı 13-cü əsrə aid kilsənin tarixi mənsubiyyəti ilə bağlı növbəti bir mübahisə gündəmə gəlmişdi.

Ermənistanlı politoloq R.Mehrabyanın fikrincə, bəzi ictimai xadimlərin düşünülməmiş açıqlamaları və hörmətsiz ritorikası tərəflər arasındakı etimadsızlığı daha da dərinləşdirir: "2031-ci il məsələsi Azərbaycan mətbuatının və Ermənistandakı "beşinci kolon"un cəhdləri nəticəsində, təəssüf ki, tamamilə təhrif edildi. Bu tarix sülh müqaviləsinin gecikdirilməsi demək deyil, sadəcə iyun seçkilərində qazanılmış hakimiyyət müddətinin başa çatdığı ildir. Bu, müqavilənin imzalanmasını gecikdirmək anlamına gəlmir; biz bu sənədi elə bu gün də imzalaya bilərik".

"Bu bəla mütləq Ermənistan ərazisindən çıxarılmalıdır"

R.Mehrabyan Rusiyanı sülh prosesindəki ləngimənin əsas səbəblərindən biri kimi görür: "Bu bəla mütləq Ermənistan ərazisindən çıxarılmalıdır, əks halda sülh prosesinə hər zaman mənfi təsir göstərəcək".

Analitiklər sülh prosesində İran və Türkiyə amilinə də diqqət çəkirlər. Tehran indiyə qədər Azərbaycanı Naxçıvan eksklavı ilə birləşdirəcək TRIPP-ə – "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"na qarşı çıxıb. Ankara isə bu məsələdə addımlarını birbaşa Bakı ilə razılaşdırıb. Lakin son həftələr Azərbaycanın orta məktəblərində hicabla bağlı məhdudiyyətlər iki ölkə arasında gərginlik yaradıb. Belə bir vəziyyətdə Yerevan Ermənistanla Türkiyə arasında sərhədlərin istənilən an açılması barədə qərar qəbul edilə biləcəyini bildirib.

Regional güclərin təsirlərini təhlil edən M.Hüseynli isə Moskvanın təsir imkanlarının minimuma endiyini iddia edir. O, Rusiyanın hazırda bütün resurslarını Ukrayna cəbhəsinə yönəltdiyini və Ermənistan-Azərbaycan münaqişəsində yalnız müşahidəçi rolunda qaldığını vurğulayır.

Rusiya prezidenti Vladimir Putin təxminən iki ay əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlardan sonra Rusiya qoşunlarının Ermənistandan çıxarılması ehtimalından danışmışdı. O bildirmişdi ki, Ermənistan hökuməti müraciət edərsə, Moskva Gümrüdəki bazanı "hətta sabah" bağlamağa hazırdır. Ancaq sonradan Rusiya diplomatları bu ölkənin hərbçilərinin Ermənistanda qalmasının onun təhlükəsizliyi üçün əvəzsiz olduğunu bəyan ediblər.

Azərbaycanla Ermənistan arasında 2020-ci ildə 44 günlük müharibə Rusiyanın vasitəçiliyi ilə imzalanmış atəşkəs bəyanatı ilə dayandırılıb. Həmin vaxt Qarabağa Rusiya hərbçiləri yerləşdirilsə də, rəsmi Bakı 2023-cü ildə birgünlük əməliyyatla Qarabağ üzərində suverenliyini tamamilə bərpa edib. Bu hadisələrdən sonra Rusiya kontingenti regiondan tamamilə çıxarılıb.