Azərbaycanda kənd təsərrüfatı müəssisələrinin istehsal etdiyi məhsulların gəlirlilik səviyyəsi arasında ciddi fərqlər var. 2025-ci ilin nəticələrinə əsasən, bəzi bitkiçilik məhsullarının satış rentabelliyi 60 faizi keçdiyi halda, pambıqda bu göstərici 5 faizdən də aşağı olub.
Banker.az saytının verdiyi məlumata görə, ən yüksək satış rentabelliyi bostan məhsullarında qeydə alınıb – 64,4 faiz. Meyvə və giləmeyvələr üzrə bu göstərici 62,7 faiz, dənli bitkilərdə isə 47,5 faiz təşkil edib. Açıq torpaqlarda yetişdirilən tərəvəzlərin rentabelliyi 40,5 faiz, kartofun rentabelliyi isə 30,9 faiz olub.
Heyvandarlıq məhsulları arasında ən yüksək göstəricilər yumurta və süd istehsalında qeydə alınıb. Yumurtanın satış rentabelliyi 42,6 faiz, südün 41,7 faiz, quş ətinin isə 39,1 faiz təşkil edib. İribuynuzlu mal-qaranın ət istehsalında bu göstərici 25,6 faiz səviyyəsində olub. Daha aşağı rentabellik üzüm (16,6 faiz), yaşıl çay yarpağı (14 faiz) və xam pambıq (4,8 faiz) üzrə qeydə alınıb.
Əvvəlki illə müqayisədə bəzi məhsullarda ciddi dəyişiklik müşahidə olunub. Məsələn, açıq torpaqlarda yetişdirilən tərəvəzlərin rentabelliyi 67 faizdən 40,5 faizə düşdüyü halda, meyvə və giləmeyvələrin rentabelliyi 50,4 faizdən 62,7 faizə yüksəlib. Bu nəticələr kənd təsərrüfatında məhsul seçiminin müəssisələrin gəlirliliyinə əhəmiyyətli təsir göstərdiyini nümayiş etdirir.