İlon Mask: Gələcəkdə pul əhəmiyyətini itirəcək – Yeni iqtisadiyyat formalaşacaq

Dünyanın ən varlı insanı hesab edir ki, robototexnika və kosmik uçuşların inkişafı gələcəkdə çoxplanetli iqtisadiyyatın formalaşmasına gətirib çıxaracaq. Onun fikrincə, həmin mərhələdə “pul artıq lazım olmayacaq”, “ənənəvi valyuta isə əhəmiyyətini itirəcək”.

Maskın fikrincə, dəyər kütlə, güc və ya enerji ilə ölçüləcək.

“Bu, mənim proqnozumdur”, – o deyib və əlavə edib ki, belə nəticə ona “kifayət qədər aşkar” görünür.

Tesla və SpaceX-in baş direktoru pulun mənasını itirdiyi gələcək barədə baxışlarını və şəxsi sərvətə münasibətini bioqrafı Uolter Ayzeksonun The Builders podkastına verdiyi müsahibədə bölüşüb. Müsahibə avqustun əvvəlində yazılıb və çərşənbə axşamı yayımlanıb.

Mask bu ilin əvvəlində insanlara 10–20 il sonranı nəzərdə tutan uzunmüddətli pensiya yığımlarından imtina etməyi tövsiyə etmişdi. O gözləyir ki, süni intellekt və digər texnologiyalar məhsuldarlığı kəskin artıracaq və hər kəsin “istədiyi hər şeyi” əldə edə biləcəyi bolluq dövrünün başlanmasına səbəb olacaq.

Ayzeksonla söhbətində Mask bu fikrini təkrarlayaraq bildirib ki, gələcəkdə “insanların süni intellekt və robotlardan daha yaxşı edə biləcəyi heç nə qalmayacaq”.

Onun fikrincə, insanlar həyatlarında məna və istiqamət tapmaq üçün daha çox hobbilərə, məsələn, incəsənətə və ya öz tərəvəz və meyvələrini yetişdirməyə yönələcəklər.

Mask öz sərvətini necə istifadə etməyi planlaşdırır?

SpaceX-in iyunda birjaya çıxmasından sonra qısa müddətə trilyoner olmuş Mask bazar ertəsi keçirilən ticarətin yekunlarına görə Bloomberg Billionaires Index-də 920 milyard dollarlıq təxmini sərvətlə birinci yerdə qərarlaşıb.

Podkastda o, şəxsi sərvətinin böyüklüyünü əsaslandıraraq bildirib ki, bu məbləğ əsasən SpaceX və Tesla-dakı paylarının dəyərini əks etdirir. Maskın sözlərinə görə, şirkətlərdə böyük səhm paketlərinə sahib olması səsvermə hüququnu və nəzarəti qoruyub saxlamaq üçün vacibdir.

“Mənim sərvətim çox yüksək dərəcədə vergiyə cəlb olunur”, – Mask deyib və əlavə edib ki, vergilərdən yayınmağın “sehrli yolu” yoxdur.

“Əgər belə bir yol olsaydı, mən onu bilərdim”, – o bildirib.

Maskın sözlərinə görə, onun sərvəti zamanla tədricən azalacaq.

“Bir neçə nəsildən sonra, əgər pul hələ də əhəmiyyət daşıyacaqsa – buna şübhə edirəm – mənim nəslim hazırda məndə olan sərvətin yalnız çox kiçik hissəsini əldə edəcək”.

Mask həmçinin ölümündən sonra xeyriyyə fondunun onun sərvətini hansı məqsədlərə yönəltməli olduğunu açıqlayıb.

“Məqsədlərə doğru hərəkəti davam etdirmək. Həyatı çoxplanetli etmək, şüuru ulduzlara qədər genişləndirmək, Yer üzündə dayanıqlı energetikanı inkişaf etdirmək”, – o deyib.

Maraqlıdır ki, bazar ertəsi Mask gələn il ABŞ-də hər bir uşağa bir SpaceX səhmi hədiyyə edəcəyini vəd edib. Hazırkı qiymətləndirməyə görə, bu ianənin ümumi dəyəri 10 milyard dolları ötür.

Bu açıqlama ABŞ Prezidenti Donald Tramp tərəfindən də müsbət qarşılanıb. O, X sosial şəbəkəsindəki paylaşımında Maskın “inanılmaz səxavətini” yüksək qiymətləndirib və onu “əfsanəvi dost” adlandırıb.

Mask daha böyük xeyriyyə öhdəliyinə iyulun sonunda da eyham vurmuşdu. Buna səbəb iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Daron Acemoğlunun onun pulsuz gələcək barədə proqnozlarına açıq şəkildə etiraz etməsi olmuşdu.

“Əgər 2036-cı ildə pulun əhəmiyyəti olmayacaqsa, niyə siz indiki sərvətinizin hamısını – təxminən 1 trilyon dolları – ən geci 2036-cı ilə qədər xeyriyyə məqsədlərinə bağışlamaq öhdəliyi götürmürsünüz?” – Acemoğlu X-də yazmışdı.

“Mən elə buna bənzər bir şey etməyə hazırlaşıram!” – Mask cavab vermişdi.