Azərbaycan və Türkiyə arasında son günlər yaşanan gərginlik prezidentlərin sağlam düşüncəsi sayəsində sona çatdı. Böhran Azərbaycanın orta təhsil müəssisələrində bütün dinlərə aid simvolların istifadəsinin qadağan edilməsi ilə körüklənməyə başlandı. Lakin əslində illərdir “İki dövlət, bir millət” şüarı ilə davam edən münasibətlər 44 günlük Qarabağ müharibəsi ilə zirvəyə çatdıqdan sonra hədəf alınmışdı. Qəbul edilən bu qərar da fürsət kimi görüldü. təəssüf ki, həm Türkiyə, həm də Azərbaycan tərəfində bu böhranı daha da dərinləşdirmək üçün çalışanlar var idi. Amma onların səylərinin boşa çıxdığını deyə bilərik.
Bu sözləri Axar.az-a açıqlamasında Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, ŞKTC Girnə Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Sadiq Akyar 21 oktyabrda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsi haqda danışarkən deyib.
Akyar bildirib ki, hər iki ölkənin müvafiq qurumları bu vəziyyətə səbəb olan amilləri çox yaxşı təhlil etməli və bunun bir daha baş verməməsi üçün zəruri tədbirləri sistemli və hərtərəfli şəkildə nəzərdən keçirməlidirlər.
Polkovnikin fikrincə, bu süni böhranın hədəfi aşağıdakılar ola bilər:
- Azərbaycanın Qarabağda əldə etdiyi ədalətli qələbəsinin aşındırılması, Türkiyə və Azərbaycanın qardaşlıq münasibətlərinin kəsilməsi;
- Türk Dövlətləri Təşkilatının (TDT) və Türk dünyasının bu böhrandan mümkün qədər çox təsirlənməsi.
“Hətta bu, TDT-nin təsirinin artırılmasına qarşı fəaliyyətlər kimi də qiymətləndirilir. Çünki “türklük” əvəzinə başqa anlayışların və qurumların ön plana çıxarılması TDT-yə qarşı tətbiq edilə biləcək əngəllərdən biridir.
Nəticə etibarilə, böhranın sona çatması ilə dünyanın çoxqütblü sistemə doğru dəyişdiyi bir şəraitdə TDT-nin yeni bir mərkəzə çevrilməsi istiqamətində səylərin, Azərbaycan-Türkiyə qardaşlığının qorunduğunu və Türk dünyasına qarşı təxribatın qarşısının alındığını demək olar.
Gələn həftə Ankarada keçiriləcək TDT-nin XIII Zirvə görüşündə bütün liderlərin iştirakı və qəbul ediləcək qərarlarla bu böhranı yaradan çevrələrə və ölkələrə yaxşı cavab veriləcəyi ehtimal olunur”, - Akyar qeyd edib.