Tramp ona qarşı dürüst davranmayan administrasiyası üzvlərinin cəzalandırılacağını bildirib

ABŞ Prezidenti Donald Tramp administrasiya üzvlərinin ona qarşı dürüst davranmadıqları təqdirdə məsuliyyətə cəlb olunacaqlarını bildirib.

Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Jurnalistlər prezidentdən onun yaxın çevrəsinə daxil olan Kori Levandovskinin ABŞ Ədliyyə Nazirliyinin araşdırmasına cəlb olunması barədə mediada yayılan məlumatları şərh etməsini istəyiblər.

“Mənim bildiyim odur ki, komandamda olan insanların dürüst olmasını istəyirəm. Əgər dürüst davranmasalar, məsuliyyətə cəlb edilməlidirlər. Konkret məlumatım yoxdur, amma hesab edirəm ki, insanlar dürüst olmadıqda prezident kimi məni aldadırlar, mənə zərər vururlar. Buna görə də komandamda dürüstlük istəyirəm. Əks halda, Ədliyyə Nazirliyinə bütün zəruri tədbirləri görməyi tapşıracağam”, – deyə Tramp bildirib.

CNN telekanalının məlumatına görə, ABŞ Ədliyyə Nazirliyi Daxili Təhlükəsizlik Nazirliyində müqavilələrin bağlanması zamanı mümkün qanun pozuntularını, o cümlədən Levandovskinin bu prosesdəki rolunu araşdırır.

Levandovski keçmiş nazir Kristi Noemin dövründə faktiki olaraq aparat rəhbərinin vəzifələrini icra edib.

CNN qeyd edir ki, administrasiyanın öz əməkdaşları barəsində araşdırma aparması qeyri-adi addım hesab olunur. Demokratlar daha əvvəl Ədliyyə Nazirliyini prezidentin siyasi rəqiblərini təqib etməkdə, Daxili Təhlükəsizlik Nazirliyini isə öz əməkdaşlarını yoxlamalardan qorumaqda ittiham ediblər.