"SpaceX" ABŞ-da ən azı 80 min mobil rabitə qülləsindən istifadə etmək imkanı əldə etməyi planlaşdırır.
Bu barədə “Bloomberg” mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, SpaceX artıq bazarın əsas oyunçuları ilə müvafiq danışıqlar aparır.
Agentliyin məlumatına əsasən, bu imkanlar sayəsində şirkət ABŞ-ın ümummilli miqyasda fəaliyyət göstərən dördüncü mobil operatoruna çevrilə bilər.
İyun ayında "SpaceX"in "Starlink" mobil rabitə xidmətini ABŞ-ın istehlak bazarında istifadəyə verməyi planlaşdırdığı bildirilmişdi.
“Financial Times”ın məlumatına görə, "SpaceX"in prezidenti Qvin Şotvell şirkətin IPO çərçivəsində bu yaxınlarda keçirilən investor görüşləri zamanı investorlara "Starlink"in pərakəndə xidmətini istifadəyə vermək imkanını nəzərdən keçirdiyini və ABŞ-da öz yerüstü mobil şəbəkəsini qura biləcəyini bildirib. Hazırda şirkət ABŞ-da "T-Mobile" vasitəsilə mobil şəbəkəyə birbaşa qoşulma xidməti təklif edir. Bu xidmət ucqar ərazilərdə internetə çıxışı genişləndirmək üçün kosmosdan əlavə əhatə dairəsi təmin edir.