Xəbər verdiyimiz kimi, “Qəbələ” uğursuzluq zolağından qurtula bilmir. “Qırmızı-qaralar” Misli premyer-liqasının ilk 8 turunda 1 qələbə, 1 heç-heçə sayəsində 4 xal toplayıb, qalan oyunlarda isə uduzub. Komanda hazırda 10-cu sıradadı. Hələ baş məşqçi dəyişikliyinin – Kaxaber Sxadadzenin istefaya göndərilməsinin ardından Yeton Bekirinin təyinatının da faydası hiss olunmur.
Uzun müddətdi komandanın şərəfini qoruyan Asif Məmmədov “Football-plus.az”a açıqlamasında durumu əsasən yeni futbolçuların uyğunlaşma problemi və matçlara yanaşma tərzinin doğru olmaması ilə əlaqələndirdi. Futbolçu klubun ciddi maliyyə çatışmazlığı yaşamadığını da bildirdi.
Bəs, bölgə təmsilçisinin idman direktoru Səbuhi Səfiyarlı necə düşünür? Nəticələrin uğursuz olmasının səbəbi nədi? Vəziyyətdən çıxış yolunu nədə tapmaq olar?
Funksionerin “Football-plus.az”a cavabı:
“Bəli, təəssüf ki, hələ uğurlu nəticələr qazana bilmirik. İş ondadı ki, bu gün nə desəm, bəhanə kimi səslənəcək. Çünki azarkeşlər bizdən xallar qazanmağımızı gözləyir. Düzdü, maddi sıxıntılarımız yoxdu. Maliyyə durumu baxımından işlərimiz qaydasındadı. Sadəcə, həm yeni baş məşqçi Yeton Bekirinin, həm də komandaya yeni gələn oyunçuların ölkəmizə, çempionata uyğunlaşması üçün vaxt lazımdı. Əlbəttə, belə vəziyyətdən xilas olmaq üçün işlər görürük. Lakin hər şeyi mətbuata açıqlamaq mümkün olmur. Onu deyə bilərəm ki, kollektivlə söhbətlər aparırıq. Çalışırıq ki, motivasiyaları artsın. Çox çalışmaq, daha çox əziyyət çəkmək lazımdı ki, müsbət nəticələr qazanaq”.