KXDR-də dünyanın ən güclü silahlı qüvvələri yaradılacaq

KXDR lideri Kim Çen In ölkədə dünyanın ən güclü silahlı qüvvələrinin yaradılmasını əsas prioritetlərdən biri elan edib.

Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi oktyabrın 22–23-də Pxenyanda keçirilən Koreya Xalq Ordusunun bölük komandirlərinin III müşavirəsinin yekunlarına dair məlumat yayıb.

Kim Çen In bölüklərin döyüş qabiliyyətinin artırılmasını, hərbi intizamın möhkəmləndirilməsini və komandirlərin peşəkarlığının yüksəldilməsini tapşırıb. O, bütün bölüklərin müstəqil şəkildə müxtəlif döyüş tapşırıqlarını yerinə yetirə bilən elit hərbi hissələrə çevrilməsinin vacibliyini vurğulayıb.

“Partiyanın Mərkəzi Komitəsi qarşıdakı yeni plan dövründə həyata keçirilməli olan əsas vəzifələrdən və real hədəflərdən biri kimi dünyanın ən güclü silahlı qüvvələrinin yaradılmasını müəyyən edib”, - deyə agentlik Kim Çen Inın sözlərini sitat gətirib.

Müşavirədə KXDR-in müdafiə naziri Kim Son Gi, Baş Qərargah rəisi Li Yon Gil və digər yüksək rütbəli hərbi rəhbərlər də iştirak ediblər.