Uşağın faciəsi, hocanın bayramı - Cübbə var, vicdan hanı?

Uşağın fəryadını eşitməyən “hoca”nın sevinci: Türkiyədə kimlərə qulaq asırlar?

Türkiyədə qəribə bir mənzərə yaranıb. Bir tərəfdə elm adamları, ziyalılar, hüquq müdafiəçiləri, uşaqların gələcəyi üçün mübarizə aparan insanlar var. Digər tərəfdə isə cübbəsi, saqqalı, moizələri və milyonlarla insana ünvanlanan dini nəsihətləri ilə tanınan adamlar. Görünür, bəzi dairələrdə ictimai nüfuz qazanmaq üçün diplomdan daha çox cübbə, arqumentdən daha çox gur səslə danışmaq işə yarayır.

Bu mənzərənin ən diqqətçəkən simalarından biri Türkiyədə “Cübbəli Ahmet Hoca” kimi tanınan Ahmet Mahmut Ünlüdür.

Cübbəli Ahmet danışır, insanlar dinləyir. Cübbəli Ahmet nəsihət verir, sözləri müzakirəyə çıxarılır. Cübbəli Ahmet kiməsə təşəkkür edirsə, bu da xəbər olur. Adam elə bir ictimai mövqe qazanıb ki, bəzən onun fikirlərindən daha çox, hansı hadisəyə sevindiyi və kimləri müdafiə etdiyi maraq doğurur.

Ən son hadisə isə bütün bunları yenidən gündəmə gətirib.

Türkiyədə altı yaşlı qızının dini nikah adı altında yetkin yaşlı şəxslə evləndirilməsi və cinsi istismarı ilə əlaqədar məhkəmə tərəfindən 18 il 9 ay həbs cəzasına məhkum edilmiş Hiranur Vəqfinin təsisçisi Yusuf Ziya Gümüşel 17 iyun 2026-cı ildə səhhəti ilə bağlı əsaslar nəzərə alınaraq ev dustaqlığı və ölkədən çıxış qadağası şərti ilə həbsdən azad edilib.

Hadisənin özü kifayət qədər ağırdır. Altı yaşlı uşaqdan danışırıq. Oyuncaqla oynamalı, məktəbə hazırlaşmalı, valideynlərinin himayəsində böyüməli olan bir uşaqdan.

Amma bu faciənin ardınca ortaya çıxan mənzərə də az təəccüblü deyil.

Gümüşelin həbsdən azad edilməsini tərəfdarları təkbir sədaları ilə qarşılayıblar. Ardınca səhnəyə Cübbəli Ahmet çıxıb. O, qərarı böyük sevinclə qarşıladığını açıqlayıb, bu işdə əməyi olduğunu düşündüyü şəxslərə, o cümlədən “Yeni Şafak” qəzetinə təşəkkür edib.

İnsan istər-istəməz düşünür: Görəsən, bütün bu təşəkkürlərin, təbriklərin, duaların arasında həmin uşağın taleyini düşünmək üçün də bir neçə saniyə vaxt tapılıbmı?

Axı söhbət futbol komandasının çempionluğundan, seçkilərdə qələbədən, yaxud yeni bir məscidin açılışından getmir.

Söhbət uşağın cinsi istismarı ilə əlaqədar ağır cinayət işi üzrə məhkum edilmiş şəxsin həbsdən buraxılmasından gedir.

Bir yanda məhkəmə sənədləri, digər yanda sevinc nümayişləri. Bir yanda uşağın yaşadıqları, digər yanda təşəkkür siyahısı.

Hansı tərəfə baxacağını bilmirsən.

Cübbə var, nəsihət var, bəs uşağın haqqı?

Cübbəli Ahmet kimi din xadimlərinin öz auditoriyası var. İnsanlar onların dini mövzularda açıqlamalarını izləyir, müxtəlif məsələlərlə bağlı fikirlərinə maraq göstərirlər. Bu, özlüyündə təəccüblü deyil. Dini inanc insanların şəxsi həyatında mühüm yer tuta bilər.

Amma məsələ din xadiminin ictimai nüfuzundan uşağın hüquqlarının müdafiəsinə keçəndə vəziyyət dəyişir.

Çünki burada çox sadə bir sual ortaya çıxır: Əgər bir din xadimi insanların necə geyinməli, necə yaşamalı, necə davranmalı olduğunu izah etməyi özünə borc bilirsə, uşağın istismardan qorunması məsələsində niyə eyni həssaslıq gözə dəymir?

Dinin mənəvi dəyərlərindən danışmaq asandır. Mərhəmət haqqında saatlarla moizə oxumaq da mümkündür. Ədalət barədə min cür gözəl cümlə qurmaq olar.

Amma bütün bu sözlərin mənası ən çox həssas məqamda insanın hansı mövqedə dayanması ilə ölçülür.

Uşağın hüquqları ilə dini çevrənin nüfuzu üz-üzə gələndə hansını üstün tutursan?

Əsl imtahan budur.

Yoxsa cübbə geyinmək üçün universitet diplomu tələb olunmur. Hətta cübbənin cibində saysız-hesabsız nəsihət daşımaq da olar. Əsas məsələ lazım gələndə o cibdən bir az vicdan çıxara bilməkdir.

“Yeni Şafak”a təşəkkür, bəs ədalətə kim təşəkkür edəcək?

Bu hadisənin başqa maraqlı tərəfi də var.

Cübbəli Ahmet Gümüşelin təxliyəsindən sonra “Yeni Şafak” qəzetinə xüsusi təşəkkür etməyi lazım bilib.

Təsadüfə baxın ki, həmin qəzet iyunun 12-də Gümüşelin həbsdə saxlanılmasını tənqid edən məqalə yayımlamışdı. Məqalədə məhkəmə prosesi və qəbul edilmiş qərarlar ədalət müstəvisində mübahisələndirilirdi.

Əlbəttə, hər kəs məhkəmə qərarını tənqid edə bilər. Jurnalist də, din xadimi də, sıravi vətəndaş da. Bu, ifadə azadlığının tərkib hissəsidir.

Ancaq jurnalistikanın əsas vəzifəsi kiminsə azadlığa çıxmasına nail olmaq deyil, həqiqətin üzə çıxmasına xidmət etməkdir.

Burada istər-istəməz başqa sual yaranır: Uşağın yaşadıqlarına hansı həssaslıq göstərilib? Onun hüquqlarının müdafiəsinə nə qədər yer ayrılıb?

Bir din xadimi qəzetə təşəkkür edir. Qəzet məhkəmənin qərarını tənqid edir. Dini çevrələr azadlığa buraxılan şəxsi alqışlayır.

Ortada isə bir vaxtlar altı yaşında olan uşağın faciəsi dayanır.

Elə bil hamı öz vəzifəsini yerinə yetirib. Biri məqalə yazıb, biri dua edib, biri təşəkkür bildirib, biri də alqışlayıb.

Bircə uşağın taleyi bu böyük sevinc mərasimində arxa plana keçib.

Saray görüşləri və cavabsız suallar...

Mövzunun siyasi tərəfi də müzakirələrə səbəb olub.

Hadisəni Türkiyə ictimaiyyətinin gündəminə gətirən jurnalist Timur Soykan Cübbəli Ahmetin Prezident Rəcəb Tayyib Ərdoğanla görüşünə diqqət çəkib. O, dini çevrələrin və bəzi media qurumlarının Gümüşelin azadlığa buraxılmasını müdafiə edən mövqelərini sərt tənqid edib.

Niyə dini nüfuz sahiblərinin hansı siyasi fiqurla görüşdüyü, hansı məhkəmə qərarına sevindiyi və hansı qəzetə təşəkkür etdiyi bu qədər diqqət çəkir?

Bu, dini nüfuzla siyasi gücün bir-birinə yaxınlaşdığı mühitlərdə yaranan mühüm sualdır.

Altı yaşlı uşağın razılığından danışılan ölkə

Bu hadisənin ən ağrılı tərəflərindən biri uşağın iradəsinin illər boyu aparılan müzakirələrdə necə təqdim edilməsidir.

Vaxtilə Türkiyənin keçmiş ədliyyə naziri Bəkir Bozdağın hadisə ilə bağlı açıqlamaları da böyük narazılığa səbəb olmuşdu.

Halbuki altı yaşlı uşaq nikaha və ya cinsi münasibətə hüquqi baxımdan etibarlı razılıq verə bilməz. Burada ailənin, dini çevrənin, yaxud başqa şəxslərin razılığı uşağın hüquqlarını əvəz etmir.

Bu qədər sadə həqiqəti izah etmək üçün nə uzun moizələrə, nə də mürəkkəb dini mübahisələrə ehtiyac var.

Bəzən insan hüquqlarına hörmət etmək üçün cəmi bir cümləni anlamaq kifayətdir: Uşaq uşaqdır.

Onun uşaqlığını əlindən almağı heç bir dini mərasim, ənənə və ya ailə qərarı qanuniləşdirə bilməz.

Cübbənin ağırlığı vicdanın ağırlığından çox olmamalıdır

Cübbəli Ahmetin bu hadisədən sonra cavablandırmalı olduğu ən mühüm sual budur: Altı yaşlı uşağın məruz qaldığı istismara münasibətdə hansı mənəvi mesajı vermək istəyir?

Axı bir insanın dini nüfuzunun böyüklüyü onun nə qədər gur danışması ilə ölçülmür.

Bəzən ən böyük mənəvi cəsarət öz çevrəndən olan birinin yanlışına etiraz edə bilməkdir.

Yoxsa cübbəni geyinmək asandır.

Əsas məsələ onun içindəki insanın hansı dəyərləri daşımasıdır.

Və unutmayaq: Allahın adını ucaltmaq üçün ucadan təkbir gətirmək kifayət deyil. Bəzən bunun üçün sadəcə bir uşağın haqqını müdafiə etmək lazımdır. /Lent.az/