Almaniyada Rusiyaya casusluq etməkdə şübhəli bilinən Ukrayna vətəndaşı tutulub.
53 yaşlı Vadim Ya. bu gün Brandenburq federal əyalətinin Oder-Şpre rayonunda saxlanılıb.
İlkin məlumatlara görə, şübhəli şəxs Rusiya xüsusi xidmət orqanları üçün hərbi xarakterli məxfi kəşfiyyat məlumatları toplayırmış.
Ukrayna vətəndaşının sabah Karlsrue şəhərindəki Federal Ədliyyə Məhkəməsinə çıxarılması və orada onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar qəbul edilməsi nəzərdə tutulur.
Müstəntiqlər Konstitusiyanın Müdafiəsi üzrə Federal İdarənin verdiyi məlumat sayəsində şübhəli agentin izinə düşüblər. Federal Baş Prokurorluğun məlumatına görə, Vadim Ya. ən azı 2025-ci ilin iyul ayından etibarən vasitəçi vasitəsilə Rusiya kəşfiyyat xidməti ilə əlaqədə olub.
Şübhəli şəxs diqqətini Avropa müdafiə sənayesinə və NATO-nun şərq cinahına yönəltmişdi. "t-online" xəbər portalına əsasən, Ayzenhüttenştadtda yaşayan Vadim Ya.-nın tankların, sursatların və partlayıcı maddələrin istehsalı, eləcə də şəxsi heyətlə bağlı məlumatlar topladığı iddia edilir. Bundan əlavə, onun NATO-nun şərq cinahının təhlükəsizliyini təmin edən hərbi obyektlərdə kəşfiyyat apardığı bildirilir.
"Der Spiegel" nəşrinin məlumatına görə, o, həmçinin Bundesverin "Litva briqadası" ilə bağlı məlumatlar da toplayıb.
Bundan əlavə, məlum olub ki, söhbət təkcə ictimaiyyətə açıq olan məlumatlardan getmir. Federal Prokurorluq bildirib ki, təqsirləndirilən şəxs üçüncü tərəfin maraqlarına xidmət etmək məqsədilə Avropa müdafiə sektorundakı şəxslərdən qəsdən istifadə edib.