Netanyahu 5 gündən sonra gedir? – Ekspert

İsraildə adətən partiyalar təkbaşına hökumət qurmaq səviyyəsində səs toplamır. Ona görə də seçkilərdən sonrakı koalisiya danışıqları xüsusi rol oynayır. Hazırda görünən odur ki, İsrail siyasətinin əsas mərkəzində Baş nazir Benyamin Netanyahu dayanır. Faktiki olaraq, Netanyahunu uzunmüddətli baş nazir postundan uzaqlaşdırmaq üçün “Antinetanyahu bloku” (Dəyişiklik Bloku – red.) formalaşıb. Digər tərəfdə isə Netanyahunu dəstəkləyən blok mövcuddur.

Bu sözləri siyasi ekspert Turab Rzayev Axar.az-a açıqlamasında 27 oktyabrda İsraildə keçiriləcək seçkilər barədə danışarkən deyib.

“Antinetanyahu blokuna “Yaşar” partiyasının rəhbəri Qadi Eyzenkot başçılıq edir. O, İsrail ordusunun (ÇAXAL) keçmiş rəhbərlərindən biridir. Yeni yaradılmış “Yaşar” partiyasının 120 yerlik parlamentdə təxminən 24 yer qazanacağı proqnozlaşdırılır. Ümumilikdə, Netanyahu blokunun 52-55 yer əldə edə biləcəyi düşünülür. Bununla belə, Netanyahunun reytinqində azalma müşahidə olunsa da, onun bloku İsrail siyasətində mühüm mövqeyini qorumaqda davam edir.

Burada diqqətçəkən məqamlardan biri də Netanyahunun öz partiyası olan “Likud”un səslərinin azalaraq 19-20 yerə düşəcəyinin gözlənilməsidir. Ancaq İsrail siyasətində mühüm bir tendensiya var: Netanyahunun və “Likud”un dəstəyi azalsa da, sağ partiyaların səsləri azalmır, əksinə, bir qədər də artır. Bu, İsrail cəmiyyətində sağa meyillənmənin güclənməsi və radikallaşma ilə əlaqələndirilir”, - o bildirib.

Ekspertin sözlərinə görə, üçüncü mühüm faktor ərəb partiyalarıdır:

“Onların parlamentdə 13-14 yer qazana biləcəyi ehtimal olunur. Məsələn, ərəb partiyalarından biri 5, “Birgə Siyahı” isə 8 yer əldə edə bilər. Aydındır ki, bu partiyalar Netanyahunu və onun blokunu dəstəkləməyəcəklər. Əksinə, onlar Netanyahunun siyasətinə qarşı çıxırlar, onu cinayətkar adlandırırlar.

Ancaq nəzərə almaq lazımdır ki, digər tərəfdəki “Antinetanyahu bloku” da əsasən sionist partiyalardan ibarətdir. Buna görə də ərəb partiyalarının həmin blokla birbaşa əməkdaşlıq etməsi çətin görünür. Məsələn, onların keçmiş ordu rəhbəri ilə eyni hökumətdə təmsil olunması asan məsələ deyil.

Hazırda ərəb partiyalarının əsas məqsədi Netanyahunun hakimiyyətdən getməsinə nail olmaq, onun təmsil etdiyi ultrasağ, ultramillətçi kəsimlərin siyasətinin məğlubiyyətinə şərait yaratmaq ola bilər. Bu baxımdan, ərəb partiyaları “Antinetanyahu bloku”na müəyyən formada dəstək verərək onun hökumət qurmasına kömək edə bilərlər”.

Turab Rzayev İsraildə hökumətin formalaşdırılması prosesində prezidentin mühüm rol oynadığını vurğulayıb:

“Hökumətin qurulmağına prezident qərar verir. Hökumət qurmaq üçün 120 yerlik parlamentdə ən azı 61 mandat əldə olunmalıdır. Əgər iki blokun hər biri təxminən 50 yer ətrafında səs toplayarsa, belə olan halda, ərəb partiyaları “Antinetanyahu bloku”na kənardan dəstək verərək Netanyahunun hakimiyyətdən kənarda qalmasına şərait yarada bilərlər”.

Politoloq İsraildə sağ partiyaların gücləndiyini hesab edir:

“Netanyahunun qan itirməyinə baxmayaraq, sağ partiyaların mövqeləri möhkəmlənir. Xüsusilə qalmaqallı açıqlamaları və addımları ilə gündəmə gələn, bir sıra ölkələrdə haqqında cinayət işi açılan milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin partiyasının qarşıdakı seçkilərdə 9 yer qazana biləcəyi ehtimal olunur.

Ben-Qvir həbsxanalardakı fələstinli məhbuslarla rəftar, onlara işgəncə verilməsi və edam cəzasının tətbiqinin gündəmə gətirilməsi kimi məsələlərlə bağlı müzakirələrdə diqqət çəkib.

Bu baxımdan, Ben-Qvirin partiyasının mümkün güclənməsi İsraildə sağçı və dini-mühafizəkar siyasi qüvvələrin mövqeyinin qorunması baxımından əhəmiyyətli hesab olunur.

Digər mühüm amil isə xarici təsirlərdir. Hazırda ABŞ Prezidenti Donald Trampın Netanyahuya dəstəyi İsrail siyasətində diqqət çəkən məsələlərdəndir. Tramp Netanyahunun əfv olunması üçün İsrail prezidentinə müraciət edib və ona dəstəyini müxtəlif açıqlamalarla ifadə edib. İran məsələsində ABŞ və İsrail arasında koordinasiyanın mövcudluğu da Netanyahu üçün siyasi baxımdan əhəmiyyət daşıya bilər. Bu əməkdaşlığın İsrail cəmiyyəti tərəfindən necə qiymətləndiriləcəyi və seçkilərdə seçicilərin mövqeyinə necə təsir göstərəcəyi isə ayrıca məsələdir.

Hətta belə bir ehtimal da irəli sürülür ki, Netanyahu ABŞ-ın İrana qarşı siyasətindən və Vaşinqtonun dəstəyindən seçkiqabağı dövrdə siyasi üstünlük əldə etmək üçün istifadə etməyə çalışa bilər. Bu kontekstdə onun seçki dövrünü gözləmədən İrana qarşı genişmiqyaslı hücuma əl ataraq cəmiyyətdə dəstəyini artırmağa çalışması ehtimalı da var”.