Xəbər verdiyimiz kimi, Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov vəzifəsindən azad olunub.
Xitab24.az-a istinadən, onun işdən çıxarılmasına başlıca səbəb sahibkarların çoxsaylı şikayətləri olub.
Bundan başqa, bir müddətdir Xankəndidə aparılan yoxlamaların nəticəsi də ürəkaçan olmayıb. Bu isə Elçin Yusubovun sözügedən vəzifədən uzaqlaşdırılması ilə nəticələnib. E.Yusubovun xüsusən də Xankəndində öz çevrəsinə yaxın olan adamlara geniş imkanlar yaratdığı bildirilir. Bu məsələdə ən çox adı hallanan isə Elçin Yusubovun köməkçisi kimi fəaliyyət göstərən Etibar Əliyevdir. Sabiq nümayəndə Etibar Əliyevi Xankəndinə keçmiş iş yeri olan Əmlak Məsələləri Dövlət Xidmətindən aparmışdı.
Qeyd edək ki, E.Yusubov 2024-cü il martın 7-də Prezident İlham Əliyevin Sərəncamı ilə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilmişdi.
Xatırladaq ki, daha öncə Bakının Nəsimi rayonunun icra başçısı Elxan İbrahimov da sahibkarların şikayətindən sonra işdən çıxarılmışdı. Adıçəkilən sabiq məmur həmin vəzifədə cəmi 1 ay duruş gətirə bilmişdi.