Bill Klinton müsəlmanlara dəstək oldu

ABŞ-nin keçmiş prezidenti Bill Klinton dini və mədəni zəmində baş verən qarşıdurmalara münasibət bildirib.

O, insanların yalnız müsəlman olduqlarına görə alçaldılmasını tənqid edib.

Klinton Florida ştatında keçirilən dinlərarası tədbirdə çıxışı zamanı hər bir dini qrupda pis niyyətli insanların ola biləcəyini deyib.

Onun sözlərinə görə, bu, hər hansı dinə xas xüsusiyyət deyil və bütün insanların müəyyən qüsurları var.

Müxtəlif dinlər və mədəniyyətlər zəminində yaranan gərginliklərdən narazılığını ifadə edən Klinton deyib: “Müsəlmanların sırf müsəlman olduqları üçün alçaldılmasından bezmişəm”.

Keçmiş prezident çıxışı zamanı 15 yaşında olarkən “Qurani-Kərim”i başdan sona oxuyan qızının onunla bölüşdüyü bir ayəni də xatırladıb.

Klinton bildirib ki, qızı ona həmin ayəni oxumağı tövsiyə edərək “Ata, bunu oxu” deyib.

O, ayənin məzmununu belə izah edib: Allah insanları bir-birinə yuxarıdan aşağı baxmaları üçün deyil, bir-birlərini tanımaları və qarşılıqlı şəkildə öyrənmələri üçün fərqli yaradıb.

Klintonun sözlərinə görə, bu yanaşma fərqli dini inanclara və mədəniyyətlərə sahib insanlar arasında qarşılıqlı anlaşmanın vacibliyini göstərir.