Şamonda virusundan ilk insan ölümü qeydə alındı

Şamonda virusundan ilk insan ölümü qeydə alınıb.

Bu barədə Fransa Səhiyyə Nazirliyi məlumat yayıb.

Əvvəllər Şamonda virusunun insanlara yoluxmadığı düşünülürdü. Xəstəlik əsasən iribuynuzlu mal-qara arasında yayılır.

“Ciddi xəstəliklə əlaqədar Lion şəhərindəki xəstəxanada müalicə alan, ağır immunçatışmazlığı olan pasiyentə Şamonda virusu yoluxub. O, oktyabrın əvvəlində vəfat edib. Kliniki, bioloji və epidemioloji araşdırmalar davam etdirilir”, - nazirlik bildirib.

Ehtimal olunur ki, pasiyent Fransanın şərqində milçəyin dişləməsi nəticəsində virusa yoluxub.

Şamonda virusu həşəratlar vasitəsilə yayılan ortobunyavirusdur. O, əsasən ev heyvanlarını, xüsusilə də iribuynuzlu mal-qaranı yoluxdurur və heyvanları dişləyən xırda milçəklər vasitəsilə ötürülür. Virus ilk dəfə 1960-cı illərin ortalarında Nigeriyada aşkarlanıb. 2026-cı ilə qədər onun yayılması əsasən Afrikanın bəzi bölgələrində və Yaponiyada qeydə alınıb.