Azərbaycanda həyata keçirilən islahatlar arasında bu gün ən vacib istiqamət rəqəmsallaşmadır.
Bunu Maliyyə Nazirliyinin yanında İctimai Şuranın sədri İnqilab Əhmədov "Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ" adlı konfransda bildirib.
Onun sözlərinə görə, Maliyyə Nazirliyində də arzulanan islahatların da avanqard rolunda məhz rəqəmsallaşma durur:
"Rəqəmsallaşma qlobal trend və günümüzün reallığıdır. Maliyyə sahəsində, xüsusən dövlət maliyyəsinin idarə edilməsi sektorunda rəqəmsallaşma artıq dayanıqlı sosial-iqtisadi inkişafın bünövrə sütununa çevrilməkdədir. Dövlət maliyyəsinin və fiskal siyasətinin rəqəmsallaşması dövlətin büdcə sisteminin effektivliyini, şəffaflığını və operativliyini təmin edən fundamental transformasiya prosesidir. Bu istiqamət dövlət resurslarının toplanması, paylanması və idarə edilməsi mexanizmlərinin müasir texnologiyalar üzərindən qurulmasıdır. Rəqəmsallaşma maliyyə sektorunun transformasiyasında sadəcə texnoloji yenilik deyil, eyni zamanda strateji zərurət və rəqabət üstünlüyüdür"
O əlavə edib ki, rəqəmsallaşma eyni zamanda intizama dəvətdir: "Maliyyə resurslarının, xüsusilə də dövlət maliyyəsi resurslarının səmərəli idarə edilməsinə intizam əsas rol oynayır. Bir qədər paradoksal səslənsə də, rəqəmsallaşma dövlətin iqtisadiyyatda rolunu azaltmaq istiqamətində də təsirli bir vasitədir".
İ. Əhmədov buildirib ki, əgər rəqəmsallaşma infrastrukturu və məlumatları təmin edirsə, süni intellekt rəqəmsal prosesləri ağıllı sistemlərə çevirən analitik gücü və avtomatlaşdırılmış qərar qəbul etmə imkanlarına şərait yaradır: "Beləliklə, rəqəmsallaşma və süni intellekt bir tərəfdən qərar qəbul etmədən insan amilini minimuma endirsə də, digər tərəfdən insan amilini köklü surətdə dəyişir".