Qəbul imtahanlarında dəyişiklik: Esse və şifahi müsahibə TƏKLİFİ

“Azərbaycanda otuz ildən artıqdır tətbiq olunan mərkəzləşdirilmiş qəbul imtahanları prosesdə şəffaflığın və sosial ədalətin təmin olunmasında tarixi rol oynasa da, bu gün şagirdlərin real bilik və bacarıqlarını üzə çıxarmaq baxımından ciddi metodoloji məhdudiyyətlərlə üzləşir. Hesab edirəm ki, mövcud qiymətləndirmə modeli şagirdin dərin analitik düşüncəsini və məntiqi təfəkkürünü deyil, daha çox onun yaddaş tutumunu və mexaniki əzbərçilik qabiliyyətini ölçür”.

Bunu Musavat.com-a açıqlamasında fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyib.

O bildirib ki, imtahan suallarının əsas hissəsi faktların, düsturların və standart qaydaların xatırlanmasına kökləndiyi üçün orta məktəblərdə tədris prosesi elmi mahiyyəti dərk etməkdən uzaqlaşaraq, sırf test texnikalarını mənimsəməyə hədəflənmiş dar çərçivəyə salınır:

“Nəticə etibarilə, abituriyentlər problemi təhlil etmək və məntiqi nəticə çıxarmaq əvəzinə, hazır şablonları əzbərləməyə üstünlük verirlər ki, bu da onların real intellektual potensialının kölgədə qalmasına səbəb olur. Bu reallıq fonunda şagirdin topladığı yüksək qəbul balını onun həqiqətən savadlı, yaradıcı və müstəqil düşünmə qabiliyyətinə malik olmasının mütləq göstəricisi hesab etmək olmaz. Fikrimcə, yüksək bal abituriyentin intizamlı əməyini və konkret imtahan proqramını yaxşı mənimsədiyini təsdiqləsə də, onun qeyri-standart düşüncə tərzini, alternativ həll yolları tapmaq səriştəsini və yaradıcı potensialını əks etdirmir.

Müasir elm və əmək bazarı fənlərin kəsişməsində yaranan kompleks problemləri həll etməyi tələb etdiyi halda, qəbul imtahanlarında fənlər bir-birindən təcrid olunmuş şəkildə qiymətləndirilir. Məhz fənlərarasılıq məsələsinə dair ölkəmizdə ilk dəfə apardığımız akademik tədqiqatın məhsulu kimi həmmüəllifi olduğum “Fənn münasibətləri – yeni biliklər istehsalı” adlı fundamental monoqrafiyada da geniş təhlil etdiyimiz kimi, təcrid olunmuş və əzbərlənmiş biliklər əsasında əldə edilən yüksək ballar çox vaxt ali məktəb mühitində müstəqil tədqiqatçılıq və innovativ yanaşma bacarığı ilə üst-üstə düşmür”.

Ekspertin sözlərinə görə, məhz bu boşluğu aradan qaldırmaq və abituriyentin müstəqil düşünmə, arqumentasiya və tənqidi təhlil qabiliyyətini real ölçə bilmək üçün qəbul imtahanlarında yazı və şifahi nitq bacarıqlarının yoxlanılmasına ciddi ehtiyac var:

“Qənaətimcə, öz fikrini məntiqi ardıcıllıqla yazılı və şifahi ifadə edə bilməyən, mövqeyini əsaslandırmaq vərdişi olmayan gəncin ali təhsil pilləsində elmi-tədqiqat mühitinə adaptasiyası çətinləşir. Əlbəttə, bu komponentlərin tətbiqi zamanı qiymətləndirmənin obyektivliyinə xələl gələ biləcəyi ilə bağlı narahatlıqlar başadüşüləndir. Lakin hesab edirəm ki, müasir psixometrik alətlər və beynəlxalq standartlar şəraitində subyektivliyi tamamilə minimuma endirmək mümkündür. Bunun üçün esse və şifahi müsahibələr fərdi rəylərə görə deyil, dəqiq ölçülə bilən vahid rubrikalar, ikiqat kor yoxlama mexanizmi, audio-video qeydiyyat və rəqəmsal analitik sistemlər əsasında qiymətləndirilməlidir”.

İlqar Orucovun sözlərinə əsasən, dünyanın aparıcı təhsil sistemlərinin təcrübəsi də göstərir ki, yazı və şifahi nitq bacarıqlarının qiymətləndirməyə daxil edilməsi obyektivliyi pozmur, əksinə, gənclərin yaradıcı potensialını üzə çıxarır:

“Məsələn, ABŞ-də universitetlər rəqəmsal test nəticələri ilə yanaşı, abituriyentin müstəqil düşüncəsini əks etdirən motivasiya esselərini əsas meyar kimi götürür, Almaniyanın “Abitur” və Böyük Britaniyanın “A-Level” sistemlərində analitik yazı və şifahi müdafiə bacarıqları həlledici rol oynayır, Finlandiyada isə mərkəzləşdirilmiş imtahanla paralel universitetlərin keçirdiyi ixtisas yönümlü müsahibələr tətbiq olunur. Elm adamı və mütəxəssis olaraq əminəm ki, biz də qəbul sistemini təkcə yaddaşı deyil, analitik təfəkkürü, yazı mədəniyyətini və şifahi arqumentasiya bacarığını ölçən kompleks modelə transformasiya etməklə, ali məktəblərə həqiqətən yaradıcı və müstəqil düşünən gənclərin seçimini təmin edə bilərik”.