Albaniya döyüş meydanına çevrildi! Baş nazirin istefasını tələb edirlər - Foto/Video

Albaniyanın paytaxtı Tiranada ölkənin müstəqilliyinin 114-cü ildönümündə minlərlə insan küçələrə çıxaraq Baş nazir Edi Ramanın istefasını tələb edib.

Skanderbeq meydanında başlayan dinc yürüş bəzi etirazçı qrupların hökumət binalarına daş və "Molotov kokteyli" atmasından sonra şiddətli toqquşmalara çevrilib.

Polis izdihamı dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

Albaniya Səhiyyə Nazirliyinin yenilənmiş məlumatına görə, qarşıdurmalar zamanı aralarında 20 polis əməkdaşı, 15 etirazçı, 6 jurnalist və 1 deputat olmaqla ümumilikdə 47 nəfər xəsarət alıb.

Qeyd edək ki, ölkədə aylardır davam edən "Flaminqo hərəkatı"nın əsasını ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin investisiya şirkəti ilə əlaqələndirilən sahilyanı elit turizm layihəsinə etirazlar, həmçinin bahalaşma, işsizlik və korrupsiya iddiaları təşkil edir.