Pakistan müdafiə sahəsində əməkdaşlıq çərçivəsində Səudiyyə Ərəbistanına hərbçilərini göndərib.
Bu barədə Pakistan Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Noyabrın 28-də keçirilən yolasalma mərasimində Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif, Səudiyyə Ərəbistanının İslamabaddakı səfiri Racih Tami Əlbuqami, Pakistan Ordusunun Baş Qərargah rəisi general-leytenant Ömər Əhməd Buxari və Lahor korpusunun komandanı general-leytenant Məhəmməd Ömər Bəşir iştirak ediblər.
Məlumata görə, bu addım İslamabadın Səudiyyə Ərəbistanının təhlükəsizliyi, suverenliyi və ərazi bütövlüyünün qorunmasına sadiqliyini əks etdirir. Hərbçilər Səudiyyə Ərəbistanı ərazisində razılaşdırılmış öhdəliklərə uyğun olaraq qarşıya qoyulan tapşırıqları yerinə yetirəcək və Krallığın müdafiə imkanlarının gücləndirilməsinə dəstək verəcəklər.
Xatırladaq ki, avqustun 7-də Məkkədə Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan kollektiv müdafiə haqqında saziş imzalayıb. Razılaşmaya əsasən, tərəflərdən birinə hücum hər üç ölkəyə hücum kimi qiymətləndiriləcək. Oktyabrın əvvəlində isə tərəflər Pakistan və Türkiyə hərbçilərinin yalnız müdafiə məqsədilə Səudiyyə Ərəbistanında yerləşdirilməsi barədə razılığa gəliblər.