Rusiya Odessa və Zaporojyeyə zərbələr endirdi: Ölənlər var - Foto

Rusiya ordusu gecə saatlarında Ukraynanın bir sıra bölgələrinə, o cümlədən Odessa və Zaporojye şəhərlərinə hücum edib. Zərbələr nəticəsində ölən və yaralananlar var, ciddi dağıntılar qeydə alınıb.

Zaporojye vilayətinin Müdafiə Şurasının sədri İvan Fyodorov şəhərə idarəolunan aviasiya bombaları (KAB) ilə zərbə endirildiyini bildirib.

Hücum nəticəsində fərdi yaşayış evi dağılıb, çoxmərtəbəli binalara və iki təhsil müəssisəsinə ziyan dəyib.

Hadisə zamanı bir qadın həlak olub, dağıntılar altından çıxarılan 14 yaşlı qız və daha bir nəfər isə həkim nəzarətinə götürülüb.

Odessa vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lısakın sözlərinə görə, gecə saat 02:00 radələrində şəhərə edilən dron hücumu zamanı 14 mərtəbəli yaşayış binasının 4-cü və 5-ci mərtəbələri arasına zərbə dəyib. Nəticədə binada və yaxınlıqdakı avtomobillərdə yanğın baş verib. İlkin məlumata görə, yaşlı bir qadın həyatını itirib, 3 nəfər yaralanıb.