Amazon əməkdaşlarının tətilləri 20-dən çox ölkəni əhatə edib

Amazon əməkdaşları və həmkarlar ittifaqlarının nümayəndələri əməkhaqlarının artırılması, iş şəraitinin yaxşılaşdırılması və işçilərin kollektiv danışıqlar aparmaq hüququnun tanınması tələbi ilə beynəlxalq etiraz aksiyaları keçirirlər. “Qara cümə” endirimləri dövründə başlayan tətil və mitinqlər noyabrın 30-dək davam edəcək.

Aksiyalar UNI Global Union həmkarlar ittifaqları birliyi və Progressive International hərəkatının təşkil etdiyi “Make Amazon Pay” beynəlxalq kampaniyası çərçivəsində keçirilir. Kampaniyada Almaniya, Fransa, Polşa, Böyük Britaniya, ABŞ, Yaponiya, Braziliya və Cənubi Afrika Respublikası da daxil olmaqla, 20-dən çox ölkədən işçilər və fəallar iştirak edirlər. Almaniyanın ver.di həmkarlar ittifaqı Amazon-un 11 obyektində işçiləri tətilə çağırıb. Hindistanda isə azı 23 yaşayış məntəqəsində etiraz aksiyaları təşkil olunub. Avropanın bəzi logistika mərkəzlərində əməkdaşlar iş yükünün azaldılması və kollektiv müqavilələrin bağlanması tələbi ilə 24 saatlıq tətil keçiriblər.

Etirazçılar həmçinin əməkhaqlarının artırılmasını, təhlükəsiz iş şəraitinin təmin edilməsini, həmkarlar ittifaqlarının tanınmasını və işçilər üzərində həddindən artıq nəzarətin azaldılmasını tələb edirlər. Banqladeşdə həmkarlar ittifaqları minimum aylıq əməkhaqqının 30 min takaya (təxminən 240 dollar) çatdırılmasını və əməyin mühafizəsi üzrə icrası məcburi olan müqavilələrin bağlanmasını istəyirlər.

ABŞ-nin Teamsters həmkarlar ittifaqı noyabrın 30-da, “Kiberbazar ertəsi” endirimləri günü Amazon-un Los-Anceles və Çikaqodakı obyektləri qarşısında etiraz aksiyaları keçirməyi planlaşdırır. Amazon rəhbərliyi isə iş şəraiti ilə bağlı irəli sürülən iddiaları rədd edib. Şirkətin nümayəndəsi əməkdaşların rəqabətədavamlı əməkhaqqı, sosial güzəştlər və peşəkar inkişaf imkanları ilə təmin olunduğunu bildirib. Şirkətin məlumatına görə, onun dünya üzrə bölmələrində 1,5 milyondan çox insan çalışır.

Hazırkı etiraz dalğası Şimali Amerikada Amazon əməkdaşları üçün hüquqi qüvvəyə malik ilk kollektiv müqavilənin bağlanmasından iki həftə sonra başlayıb. Noyabrın 13-də müstəqil arbitr Kanadanın Britaniya Kolumbiyası əyalətində yerləşən anbarın təxminən 800 əməkdaşı üçün üçillik müqavilənin şərtlərini müəyyən edib. Sənəddə müqavilənin müddəti başa çatanadək saatlıq əməkhaqqının 29 Kanada dollarına çatdırılması, əlavə məzuniyyət günlərinin verilməsi və işdənçıxarma müavinətlərinin ödənilməsi nəzərdə tutulur.

Daha əvvəl Amazon-un 30 minədək iş yerini ixtisar etməyi planlaşdırdığı bildirilmişdi. İxtisarlar şirkətin korporativ heyətinin təxminən 10%-ni əhatə edə bilər.