Ayın səthinin altında nəhəng yeraltı tunellər aşkarlandı

Alimlər Ayın cazibə sahəsindəki kiçik dəyişiklikləri təhlil edərək, səthdən təxminən 100 metr aşağıda gizlənmiş, eni bir kilometrdən çox olan dörd potensial yeraltı lava borusu müəyyən ediblər.

Bu strukturlar Ayın geoloji tarixinə işıq salmaqla yanaşı, gələcək astronavtları radiasiyadan və kəskin temperatur fərqlərindən qoruya biləcək təbii sığınacaq kimi də dəyərləndirilir.

Yer kürəsindəki lava boruları axan lavanın üst qatının soyuyub bərkiməsi, altındakı ərimiş kütlənin isə axıb getməsi nəticəsində formalaşır. Aydakı zəif cazibə qüvvəsi, yüksək püskürmə sürəti və lavanın daha axıcı xüsusiyyəti Yerdəkilərdən xeyli böyük yeraltı kanalların yaranmasına şərait yaradıb. Peykin səthindəki dolama kanallar və çökək ərazilər bu gizli keçidlərin ilk ipuçları sayılır.

Boş tunel eynihəcmli bərk süxurla müqayisədə daha az kütləyə malik olduğundan üzərindən keçən kosmik aparatlar cazibə sahəsində cüzi zəifləmə qeydə alır. NASA-nın 2011-2012-ci illərdəki GRAIL missiyasına əsaslanan əvvəlki tədqiqatlar eni 9 kilometrə çatan tunellər ehtimal etsə də, bu boşluqların öz tavan kütləsini saxlaya bilməyəcəyi müəyyən edilib.

Çikaqodakı İllinoys Universitetinin geoloqları Xuan Losarkos və Endryu Dombard NASA-nın daha yüksəkdəqiqlikli cazibə modelini araşdırıb, səth relyefinin təsirini aradan qaldırıb və yeraltı boşluqlara işarə edən dörd ehtimal olunan nöqtə tapıblar.

“Icarus” jurnalında dərc edilən araşdırmaya görə, namizədlərdən biri Ayın ən böyük dolama kanalı olan “Vallis Schröteri” yaxınlığında, biri “Rima Mairan” bölgəsində, ikisi isə “Wollaston” kraterinin yaxınlığında yerləşir.

Eni iki kilometrdən az, tavan qalınlığı təxminən 100 metr olan bu strukturların ərimiş süxurların yeraltı kanallardan axaraq ətraf qatları əridib genişləndirməsi nəticəsində formalaşdığı güman edilir. Tədqiqatçılar siqnalların qaya sıxlığındakı fərqlərlə də bağlı ola biləcəyini qeyd edir və tunellərin mövcudluğunu qəti təsdiqləmək üçün gələcək radar müşahidələrinin vacibliyini vurğulayırlar.