Kobaxidze: “Azərbaycanla bəzi məsələlər üzrə mövqelərimizi uzlaşdırmalıyıq”

“Azərbaycanla bəzi məsələlər üzrə mövqelərimizi uzlaşdırmalıyıq”.

Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Açıq efir” proqramında çıxışı zamanı bildirib.

O qeyd edib ki, hər bir dövlətin öz milli maraqları var və hökumətlər bu maraqlara uyğun fəaliyyət göstərirlər.

Baş nazir Azərbaycanın Prezidenti İlham Əliyevin siyasi fəaliyyətini yüksək qiymətləndirərək iki ölkə arasında strateji tərəfdaşlıqdan danışıb:

“Azərbaycanın çox layiqli lideri – Prezident cənab Əliyev var və biz Azərbaycanla strateji tərəfdaşlıq, həmçinin dostluq və qonşuluq münasibətləri saxlayırıq”.

Kobaxidzenin sözlərinə görə, Azərbaycan və Gürcüstan arasında ortaq mövqenin olmadığı və yanaşmaların razılaşdırılmasına ehtiyac duyulan bəzi məsələlər var.

O, əsas məsələlərdən biri kimi David Qareci (Keşikçidağ) monastır kompleksini göstərib:

“Bu sahədə bizə də çox ağır miras qalıb. Əvvəlki hakimiyyətin David Qareci ilə bağlı bəyanatlarını xatırlayırsınız. Saakaşvilinin strateji yüksəkliklərin Azərbaycana məxsus olması barədə birbaşa bəyanatını tapa bilərsiniz. Burada açıq şəkildə Çiçxituri nəzərdə tutulur. Bu məsələdə çox prinsipial mövqeyimiz var. Lakin bu, danışıqlar tələb edən məsələdir”.

Gürcüstanın baş naziri Qax məbədində dini ayinlərin bərpasına da toxunub. O bildirib ki, məbəddə ilk ibadət məhz hazırkı hakimiyyət dövründə keçirilib.

Kobaxidze bu məsələdə müəyyən anlaşılmazlıqların olduğunu, lakin Gürcüstanın Azərbaycanla dialoqu davam etdirdiyini vurğulayıb.

“Ümid edirik ki, nəticədə hər şey həm Gürcüstanın, həm də Azərbaycanın maraqlarına uyğun inkişaf edəcək. Düşünürəm ki, burada da mövqeləri razılaşdırmaq mümkündür”, – deyə o bildirib.