“Neftçi” – “Zirə” oyunundan sonra Rəşad Sadıqovla Yuri Vernidub arasında gərginlik yaşandı. İlk baxışdan adi məşqçi mübahisəsi kimi görünən hadisənin arxasında isə əvvəlki qarşılaşmadan qalan narazılıq dayanır.
“Neftçi”nin 1:0 hesabıyla qalib gəldiyi oyundan sonra Rəşad Sadıqov özündən 16 yaş böyük həmkarına barmaq silkələdi. “Zirə”nin baş məşqçisi oyunsonrası mətbuat konfransında bu məsələyə aydınlıq gətirdi, bu narazılığın məhz son qarşılaşmada yaranmadığını, ukraynalı mütəxəssisin ilk dövrədəki oyundan sonra da ona xoş gəlməyən ifadələr işlətdiyini vurğuladı:
“Ötən oyunda da çox artıq sözlər demişdi. Sadəcə, "Neftçi"yə olan hörmətdən danışmırıq. Bəzi açıqlamaları, kəlimələri ona yaraşdırmıram. Fasilədə də yanımdan keçə-keçə çox danışırdı. Deyəcəm, deyəcək sənə demirdim, amma 2 metr yaxınımdan keçirdi. Dedim ki, susmağımın səbəbi var, çünki "Neftçi"dəsiz, bu klubda kim işləsə, ona hörmətlə yanaşacağıq”.
Vernidub ilk dövrədəki oyundan sonra nə demişdi ki, Sadıqov hələ də unutmayıb? Yadımdadı, onda Vernidub mətbuat konfransı bitəndən, çəkiliş yekunlaşandan sonra mətbuat nümayəndələrinin olduğu otağı “hakimlər daim “Zirə”nin tərəfində olur”, - deyə tərk etmişdi.
Sadıqovun açıqlamasındakı daha bir maraqlı məqam “Neftçi” ilə bağlıdı. Rəşad bəy açıq şəkildə bildirir ki, Vernibubla münasibətlərdə müəyyən sərhədi məhz klubun nüfuzuna görə qoruyur. Yəni onun narazılığı “Neftçi” ilə yox, konkret Vernidubun davranışı və açıqlamaları ilə bağlıdı. Amma ukraynalı mütəxəssis hadisəyə fərqli yanaşdı. O, Sadıqovla arasında heç bir problem olmadığını, hətta mübahisəni xatırlamadığını söylədi. Vernidub emosiyalarının yalnız oyundakı epizodlarla bağlı olduğunu bildirdi və mövzunun bağlanmasını istədi.
Sadıqov əvvəlki oyundan qalan narazılığın olduğunu gizlətmir, Vernidub isə şəxsi münaqişənin mövcudluğunu qəbul etmir...