Müğənni Nizami Babayev yeni yaradıcılıq işini təqdim edib. Sənətçi sözləri və musiqisi özünə məxsus olan “Uzaq dur məndən” adlı mahnısını dinləyicilərin ixtiyarına verib. Eyniadlı mahnıya çəkilən klip də təqdim olunub.
Yeni ekran işinin rejissoru Nizami Babayevin özüdür. Klipdə model Zəhra İsmayılova da yer alıb.
Nizami Babayev yeni klipində fərqli vizual ideyaya üstünlük verib. Müğənni ekran işində YouTube kanalının izləyici auditoriyasının əsas hissəsini təşkil edən ölkələrin bayraqlarından istifadə edib. Sənətçi bu addımın həmin ölkələrdən olan izləyicilərinə diqqət və təşəkkür ifadəsi olduğunu bildirib.
Müğənni qeyd edib ki, hər klipində şablonlardan uzaq, plaqiat olmayan orijinal ideya və epizodlardan istifadə etməyə çalışır. O, həmçinin bayraqların klipdə istifadəsinin və düzülüş ardıcıllığının heç bir siyasi məna daşımadığını xüsusi vurğulayıb.
Qeyd edək ki, Nizami Babayev 2009-cu ildən musiqi ilə məşğul olur. Onun peşəkar səhnələrdə və televiziya layihələrində fəaliyyəti isə 2015-ci ildən başlayıb.
Müğənniyə daha çox tanınma və uğur qazandıran əsərlərdən biri 2015-ci ildə təqdim etdiyi “Mənimlə evlənərsənmi?” mahnısı olub. Sözləri və musiqisi özünə məxsus olan bu mahnıya da Nizami Babayev özü rejissorluq edib. Qeyri-adi ideyası ilə diqqət çəkən klip yerli televiziya kanalları ilə yanaşı, Rusiyanın “МИР TV” kanalında da yayımlanıb.
Həmin il sənətçinin “Mənimlə evlənərsənmi?” adlı ilk albomu da işıq üzü görüb. O, yaradıcılığı ərzində bir sıra milli və xarici retro mahnıları yeni aranjimanda təqdim edib, müxtəlif dövlət tədbirlərində, o cümlədən cəbhə bölgəsində yerləşən hərbi hissələrdə çıxış edib.
Nizami Babayev 2017-ci ildə Sumqayıt şəhərində yayımlanan DTV kanalının “PAY şou” verilişinin müəllifi, layihə rəhbəri və aparıcısı kimi fəaliyyət göstərib. 2021-ci ildə isə nəfəsli alətlərdən ibarət “More Band” kover qrupunu yaradıb.
Müğənninin şəxsi repertuarında “Belə bağlanma”, “İki bədən”, “Alovun kölgəsi”, “Yar qasidi” və “Öyrətmə özünə” kimi mahnılar yer alır.
Nizami Babayev ali təhsillidir, rus və ingilis dillərini bilir. Hazırda Bakıda yaşayır və musiqi fəaliyyətini davam etdirir.