Özgür Özelin toxunulmazlığı ləğv edilə bilər

İstanbul Respublika Baş Prokurorluğu Mustafa Sarıgüllə bağlı cinayətkar qruplaşmaya dair apardığı istintaq çərçivəsində adları hallanan Özgür Özel, Vəli Ağbaba, Umut Akdoğan, Burhanəddin Bulut və Gökan Zeybəkin deputat toxunulmazlığının ləğvi tələbi ilə Ankara Respublika Baş Prokurorluğuna müraciət edib.

"TRT Haber"ə istinadən, aparılan araşdırmalar nəticəsində CHP sədri Özgür Özel və partiyanın deputatları Vəli Ağbaba, Umut Akdoğan, Burhanəddin Bulut və Gökan Zeybək barəsində toxunulmazlığın götürülməsi üçün təqdimat hazırlanmasına əsas verən faktlar müəyyənləşdirilib.

Xatırladaq ki, İstanbul Respublika Baş Prokurorluğunun başlatdığı istintaq ölkə daxilində və xaricdə təsis edilmiş şirkətlər vasitəsilə mənbəyi bilinməyən külli miqdarda vəsaitin yuyulması, həmin pulların investisiya müqavilələrindən kənar məqsədlərə yönəldilməsi və cinayət yolu ilə əldə edilən gəlirlərin leqallaşdırılması iddialarını əhatə edir.

Qeyd edək ki, daha əvvəl bu iş üzrə Mustafa Sarıgülün deputat toxunulmazlığının ləğv olunması ilə bağlı tələb də Ədliyyə Nazirliyinə göndərilib.