Qardaşlar arvadlarını öldürüb, meyitləri meşədə basdırdılar

Hindistanın Carkhand ştatında öz həyat yoldaşlarını öldürməkdə şübhəli bilinən iki qardaş saxlanılıb.

Xarici mediaya istinadla, hadisə noyabrın 23-də Qumla rayonunda qeydə alınıb.

İstintaqın məlumatına görə, qardaşlar ailə münaqişəsi zəminində 28 və 20 yaşlı həyat yoldaşlarını öldürüblər. Onlar qadınların meyitlərini təcili tibbi yardım maşını ilə qonşu Simdeqa rayonuna apararaq meşədə basdırıblar.

Ertəsi gün isə uşaqları ilə birlikdə polisə müraciət edərək həyat yoldaşlarının itkin düşdüyünü bildiriblər. Dindirmə zamanı qardaşlar cinayətdə iştirak etdiklərini etiraf edərək meyitlərin basdırıldığı yeri göstəriblər.

Hadisə ilə əlaqədar qardaşların valideynləri də saxlanılıb. Beləliklə, şübhəli şəxslərin sayı dördə çatıb.

Cinayətin motivi və saxlanılan şəxslərin hadisədəki rolu araşdırılır.