“Vilyam qoçaq oğlandır” - Hafiz Hacıyev azadlığa çıxan əmisi oğlundan DANIŞDI

Həbs müddətinin başa çatmasına bir ildən az qalmış İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev səhhətində yaranan problemlərlə əlaqədar azadlığa buraxılıb.

Vilyam Hacıyev Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin əmisinin oğludur. Sabiq icra başçısının azadlığa buraxılması ilə bağlı Hafiz Hacıyevlə əlaqə saxladıq.

Modern.az-a açıqlamasında Hafiz Hacıyev bildirib ki, Vilyam Hacıyev azadlığa çıxdığı gün onunla telefonla danışıb:

“Mən hazırda Azərbaycanda deyiləm, amma Vilyam azadlığa çıxan gün onunla telefonda danışdım. Yaxşıdır, bir az səhhətində problem var. İndi səhhəti ilə məşğuldur. Hər halda, əlaqə saxlamışam. İndi, Allah qoysa, Azərbaycana qayıdanda görüşəcəyəm. Məncə, normaldır, hər şey yaxşıdır”.

Partiya sədri hesab edir ki, Vilyam Hacıyev səhhətini bərpa etdikdən sonra yeni iş quraraq dövlətə fayda verə bilər:

“Bundan sonra, hər halda, başqa işlərlə məşğul olar. Nəvələrinə vaxt ayırar. Özü də ölkəmizdə sahibkarlığın inkişafı geniş vüsət alıb. Cənab Prezidentimiz insanlara şərait yaradıb. Hamı iş qurur, işləyir, yaşayır. Hər halda, əlbəttə ki, ölkəmizin xeyrinə, gələcəyi naminə əlini bir daşın altına qoyar. Mən düşünürəm ki, hər halda, Vilyam qoçaq oğlandır. Hələ səhhətini normallaşdırsın, sonra o işlərə baxılar”.

Hafiz Hacıyev sabiq icra başçısının həbsdə olduğu müddətdə onun özü və ailə üzvləri ilə mütəmadi əlaqə saxladığını da qeyd edib:

“Telefonla həmişə əlaqə saxlamışam. Nəyəsə ehtiyac olub-olmadığını soruşmuşam. Özü ilə də türmədə olanda telefonla əlaqə saxlamışam”.