Azərbaycan məhkəmələrində daimi mühafizəsi nəzərdə tutulan arxiv sənədləri yarandığı tarixdən etibarən 75 il ərzində məhkəmə arxivlərində saxlanıldıqdan sonra dövlətin daimi mühafizəsinə təhvil veriləcək.
Məhkəmələrin ədalət mühakiməsinin həyata keçirilməsi fəaliyyəti nəticəsində yaranan sənədlərlə arxiv işinin təşkili qaydalarına əsasən, arxiv sənədlərinin qorunması üçün məhkəmələrdə xüsusi otaqlar və ya ayrıca binalar ayrılmalıdır.
Sənədlərin mühafizəsinin təmin edilməsi üçün məsul şəxslər təyin olunmalı, arxiv otaqları və binalar xüsusi avadanlıqlarla təchiz edilməlidir. Bu məqsədlə qəfəslər, rəflər, seyflər, qutular, qovluqlar və digər müvafiq vasitələrdən istifadə olunmalıdır.
Bundan başqa, arxiv sənədlərinin saxlanıldığı otaq və binalarda yanğından mühafizə vasitələri və yanğın əleyhinə siqnalizasiya sistemləri quraşdırılmalıdır.
Sənədlərin uzun müddət qorunması üçün həmin yerlərdə optimal temperatur və rütubət şəraiti yaradılmalı, sanitar-gigiyena qaydalarına uyğun texniki vasitələrdən istifadə edilməlidir.