Zelenski: ABŞ-nin Ukrayna məsələsindəki məntiqini başa düşə bilmirəm

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin ölkəsinə təhlükəsizlik zəmanətlərinin verilməsi məsələsinə yanaşmasını “çox qəribə” adlandırıb.

Zelenski qeyd edib ki, Rusiya Ukrayna ərazisində istənilən xarici hərbi qüvvənin yerləşdirilməsini qəbul etməyəcəyini bəyan edib: “Qoy istəməsinlər”.

O xatırladıb ki, Yaxın Şərq ölkələri NATO üzvü olmasalar da, ABŞ-nin həmin regionda hərbi bazaları, “Patriot” hava hücumundan müdafiə sistemləri, digər müdafiə sistemləri və hərbçiləri mövcuddur: “Deməli, bu, ABŞ-dən asılıdır”.

Ukrayna Prezidenti vurğulayıb ki, amerikalılar digər ölkələrdə hərbi bazalar yaradarkən, üçüncü tərəflərlə, o cümlədən İranla məsləhətləşməyiblər.

Volodimir Zelenskinin sözlərinə görə, məhz buna görə də Vaşinqtonun Ukrayna məsələsindəki hazırkı məntiqini başa düşə bilmir:

“Buna görə də amerikalıların ruslardan “Bəs hərbi bazalar, hərbçilər necə olacaq?” deyə soruşmasını anlaya bilmirəm. Bu, çox qəribədir. Təcavüzün qurbanı olan ölkəyə təhlükəsizlik zəmanətləri verməkdən danışıb, eyni anda həmin zəmanətlərin elementlərini təcavüzkarla müzakirə etmək olmaz”.