SSRİ-nin süqutundan Putinin hakimiyyətə gəlişinədək: Qərbin strateji hesablamaları və buraxılmış tarixi fürsətlər...
“Ukrayna və Azərbaycanın müstəqilliyini Avrasiyada geo-siyasi tarazlığın qorunması baxımından xüsusi əhəmiyyətli hesab edirdi...”
...1991-ci ilin dekabrında Sovet İttifaqı – XX əsrin ən böyük imperiyalarından biri süqut etdi. Lakin onun hüquqi varisi, impariyanın özəyi və əsas siyasi-hərbi mərkəzi olan Rusiya Federasiyasının özü də həmin vaxt siyasi, iqtisadi, hərbi və institusional baxımdan dərin böhran içərisində idi. İqtisadiyyat dağılmış, dövlət idarəçiliyi iflic vəziyyətinə düşmüş, əhalinin böyük hissəsi yoxsulluqla üzləşmiş, ordunun döyüş qabiliyyəti zəifləmiş, ölkənin ayrı-ayrı regionlarında isə mərkəzdənqaçma və separatizm meyilləri güclənmişdi.
Belə bir şəraitdə olduqca mühüm geo-siyasi sual meydana çıxır: SSRİ-nin süqutundan sonra dünyanın aparıcı demokratik dövlətləri – ilk növbədə ABŞ və Böyük Britaniya, eləcə də Fransa, Almaniya və digər Avropa ölkələri Rusiyanın gələcəkdə yenidən imperiya siyasətinə qayıtmasının qarşısını almaq üçün malik olduqları siyasi, iqtisadi və strateji imkanlardan niyə daha səmərəli istifadə etmədilər?..
Niyə Rusiyanın demokratikləşməsi, real federativ dövlətə çevrilməsi, qonşu ölkələrin suverenliyinə hörmət etməsi və keçmiş imperiya ərazilərində hökmranlıq iddialarından birdəfəlik imtina etməsi üçün daha ciddi beynəlxalq mexanizmlər yaradılmadı?..
Əlbəttə, burada Rusiyanın hərbi müdaxilə ilə parçalanmasından, onun nüvə arsenalının zorla ələ keçirilməsindən və yüz milyonlarla insanın yaşadığı nəhəng ərazidə idarəolunmaz xaos yaradılmasından söhbət getmir. Məsələ Rusiyanın yenidən hərbi-siyasi imperiyaya çevrilməsinin qarşısını almaq üçün tarixi fürsətdən niyə lazımınca istifadə edilməməsindədir.
Zənnimcə, həmin dövrdə Qərbin Rusiyaya münasibətini müəyyənləşdirən bir neçə fundamental amil vardı.
Birincisi – nüvə təhlükəsizliyi amili...
SSRİ dağılanda onun nəhəng nüvə arsenalının müəyyən hissəsi Rusiyadan başqa Ukrayna, Belarus və Qazaxıstan ərazilərində də qalmışdı. Bu, beynəlxalq təhlükəsizlik baxımından son dərəcə mürəkkəb vəziyyət yaradırdı. Nüvə silahlarının müxtəlif dövlətlər arasında bölüşdürülməsi, onların komandanlıq və nəzarət sisteminin parçalanması, texniki təhlükəsizlik problemləri və siyasi qeyri-sabitlik şəraitində nüvə materiallarının nəzarətdən çıxması Qərbin əsas narahatlıqlarından biri idi...
Məhz buna görə ABŞ 1991-ci ilin noyabrında qəbul edilmiş Nunn–Lugar qanunu əsasında keçmiş sovet məkanında kütləvi qırğın silahlarının təhlükəsizliyinin təmin olunması və nüvə arsenalının azaldılması üçün maliyyə və texniki dəstək proqramı həyata keçirməyə başladı.
1992-ci il Lissabon Protokolu ilə Ukrayna, Belarus və Qazaxıstan keçmiş sovet nüvə silahlarının Rusiyaya verilməsi və nüvə silahlarının yayılmaması rejiminə qoşulmaq istiqamətində öhdəlik götürdülər. 1994-cü il Budapeşt Memorandumu isə Ukraynanın nüvə silahlarından imtinası müqabilində suverenliyinə, mövcud sərhədlərinə və ərazi bütövlüyünə hörmət edilməsi, ona qarşı güc tətbiqindən çəkinilməsi barədə təhlükəsizlik təminatlarını rəsmiləşdirdi. Belarus və Qazaxıstanla da müvafiq memorandumlar imzalandı.
Ancaq burada ciddi bir strateji yanlış hesablama ortaya çıxdı: nüvə silahlarının yayılmasının qarşısını almaq naminə Ukrayna, Belarus və Qazaxıstanın təhlükəsizliyi böyük ölçüdə siyasi təminatlara bağlandı, həmin təminatları pozan dövlətə qarşı avtomatik hərbi müdafiə mexanizmi isə yaradılmadı...
2014-cü ildə Krımın işğalı və ilhaqı, 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı hərbi müdaxilə Budapeşt Memorandumunun nə qədər zəif siyasi mexanizm olduğunu göstərdi.
Bununla belə, bir məqamı da nəzərə almaq lazımdır: Ukraynanın nüvə silahlarını saxlaması onun gələcəkdə Rusiyanın təcavüzündən mütləq qorunacağına zəmanət vermirdi. Həmçinin həmin silahların Ukraynanın müstəqil və tam işlək nüvə arsenalına çevrilməsi üçün texniki, maliyyə və komandanlıq problemləri mövcud idi.
İkincisi – Rusiyanın parçalanmasından yaranacaq geo-siyasi və iqtisadi xaos qorxusu...
Rusiya dünya ərazisinin təxminən səkkizdə birini əhatə edən, nəhəng enerji, mineral, meşə və digər təbii sərvətlərə malik dövlətdir. Onun parçalanması nəticəsində müxtəlif siyasi rejimlərə, fərqli xarici siyasət istiqamətlərinə və bir-biri ilə rəqabət aparan regional hakimiyyətlərə malik çoxsaylı yeni dövlətlərin meydana çıxması Qərb üçün son dərəcə mürəkkəb vəziyyət yarada bilərdi.
Üstəlik, belə bir parçalanma nüvə silahlarının, hərbi texnologiyaların, raket sistemlərinin və strateji hərbi obyektlərin təhlükəsizliyi ilə bağlı misli görünməmiş problemlər meydana çıxara bilərdi.
Vaşinqton və Avropa paytaxtları üçün Moskva ilə vahid dövlət mərkəzi kimi münasibət qurmaq, silahların azaldılması barədə müqavilələr imzalamaq, enerji əməkdaşlığını davam etdirmək və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə etmək ayrı-ayrı regional hakimiyyətlərlə münasibətlər qurmaqdan daha asan görünürdü.
ABŞ Dövlət Departamentinin rəsmi tarixi materialları da Corc Buş administrasiyasının SSRİ dağıldıqdan sonra əsas prioritetlərindən birinin Rusiyada, Baltikyanı ölkələrdə və digər keçmiş sovet respublikalarında siyasi-iqtisadi sabitliyi qorumaq, nüvə silahlarının təhlükəsizliyini təmin etmək olduğunu təsdiqləyir.
Deməli, Qərbin Rusiyanın parçalanmasına çalışmaması təkcə iqtisadi maraqlarla deyil, həm də nüvə təhlükəsizliyi, regional sabitlik və beynəlxalq idarəolunma məsələləri ilə bağlı idi...
Üçüncüsü – Çin amili və gələcək dünya nizamı ilə bağlı strateji hesablamalar.
1990-cı illərdə Çinin sürətli iqtisadi yüksəliş perspektivi artıq Qərbin strateji dairələrində müzakirə olunurdu. Pekinin gələcəkdə dünya iqtisadiyyatında, texnologiyada və hərbi sahədə mühüm güc mərkəzinə çevriləcəyi proqnozlaşdırılırdı. Bu baxımdan Rusiyanın bütöv dövlət kimi qalması, Qərblə Çin arasında müəyyən geo-siyasi tarazlıq elementi rolunu oynaması mümkün ssenarilərdən biri hesab edilirdi...
Lakin burada paradoks ondan ibarət idi ki, Qərbin gələcəkdə Çinlə rəqabətdə potensial tərəfdaş kimi saxlamaq istədiyi Rusiya sonradan Pekinlə strateji yaxınlaşmanı dərinləşdirdi. Beləliklə, Moskvanın Qərblə Çin arasında tarazlıq elementi kimi qalacağına dair ehtimallar özünü doğrultmadı.
Dördüncüsü – Qərbin Yeltsin Rusiyasının demokratikləşəcəyinə dair nikbin gözləntiləri...
Boris Yeltsinin hakimiyyəti dövründə Qərbin böyük hissəsi Rusiyanın kommunist sistemindən çıxaraq liberal-demokratik dövlətə çevriləcəyinə inanırdı. Yeltsin ABŞ və Avropa liderləri ilə sıx münasibətlər qurur, bazar iqtisadiyyatına keçid proqramları həyata keçirir, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı vasitəsilə maliyyə dəstəyi alırdı. Lakin bu prosesin arxasında ciddi ziddiyyətlər dayanırdı. Sürətli və institusional baxımdan zəif nəzarət olunan özəlləşdirmə oliqarxik kapitalizmin formalaşmasına, sərvətlərin kiçik qrupların əlində cəmləşməsinə, sosial bərabərsizliyin artmasına və dövlət institutlarının zəifləməsinə gətirib çıxardı...
Digər tərəfdən, sovet dövründən miras qalmış “KQB”, “QRU” kimi təhlükəsizlik strukturları, xüsusi xidmət orqanları, bürokratik idarəçilik ənənələri və imperiya təfəkkürü aradan qalxmadı.
Üstəlik, Yeltsin hakimiyyəti 1994–1996-cı illərdə və 1999-cu ildən etibarən Çeçenistanda faktiki soyqırımla müşayiət olunan ağır hərbi əməliyyatlar həyata keçirdi. Şəhərlərin, xüsusilə Qroznının dağıdılması, mülki əhalinin kütləvi itkiləri və insan hüquqlarının ciddi şəkildə pozulması həmin dövrün ən ağır faciələrindən idi.
Eyni zamanda Moskva Moldova, Gürcüstan, Azərbaycan və digər postsovet ölkələrindəki münaqişələrə birbaşa, ya dolayısıyla müdaxilə etməklə özünün keçmiş imperiya məkanındakı hərbi-siyasi təsirini qorumağa çalışırdı.
Beləliklə, Qərbin demokratikləşmə tərəfdaşı hesab etdiyi Yeltsin Rusiyası daxilən ciddi avtoritar və imperiya xarakterli elementləri özündə saxlayırdı.
Bjezinski 1997-ci ildə xəbərdarlıq edirdi...
ABŞ-ın görkəmli strateqi Zbiqnev Bjezinskinin 1997-ci ildə nəşr olunmuş “Böyük şahmat taxtası” əsəri bu məsələnin mahiyyətini anlamaq baxımından xüsusi əhəmiyyət daşıyır. Bjezinski açıq şəkildə bildirirdi ki, Rusiyanın daxili iqtisadi bərpası onun demokratikləşməsi üçün vacibdir, lakin bu bərpa Rusiyanın imperiya potensialının yenidən dirçəlməsinə gətirib çıxarmamalıdır. O, Ukrayna və Azərbaycanın müstəqilliyini Avrasiyada geo-siyasi tarazlığın qorunması baxımından xüsusi əhəmiyyətli hesab edirdi…
Onun yanaşmasının mahiyyəti belə idi: güclü Rusiya ilə imperiya Rusiyası eyni anlayışlar deyil. Rusiya demokratik, iqtisadi cəhətdən inkişaf etmiş və beynəlxalq hüquqa hörmət edən dövlət kimi güclənə bilər, lakin bu güclənmə qonşularının müstəqilliyinin məhdudlaşdırılması hesabına baş verməməlidir.
Bjezinski xüsusilə Ukraynanın müstəqilliyini Rusiyanın yenidən Avrasiya imperiyasına çevrilməsinin qarşısını alan əsas geo-siyasi amillərdən biri hesab edirdi.
Azərbaycanı isə Xəzər hövzəsinə və Türküstana(Mərkəzi Asiyaya) Qərbin çıxış imkanları baxımından strateji əhəmiyyətli dövlət kimi qiymətləndirirdi…
Deməli, Bjezinskinin 1997-ci ildə irəli sürdüyü tezislər Qərbin qarşısında duran əsas dilemmanı hələ həmin dövrdə kifayət qədər aydın ifadə edirdi: Rusiyanın iqtisadi dirçəlişinə yardım etmək, eyni zamanda onun keçmiş imperiya məkanında hökmranlığını bərpa etməsinə imkan verməmək…
Putin fenomeni: sovet təhlükəsizlik sisteminin- “KQB”-“QRU”-nun yeni siyasi formada qayıdışı…
1999-cu ilin avqustunda Vladimir Putinin baş nazir təyin edilməsi, həmin ilin dekabrında Yeltsinin istefasından sonra prezident səlahiyyətlərini icra etməyə başlaması və 2000-ci ilin martında prezident seçilməsi Rusiyanın siyasi tarixində yeni mərhələnin başlanğıcı oldu.
Keçmiş “KQB” zabitinin hakimiyyətə gəlməsi özlüyündə onun gələcək siyasətinin necə olacağını tam müəyyənləşdirmirdi. Lakin sonrakı hadisələr göstərdi ki, Putin sovet təhlükəsizlik strukturlarının kadr və idarəçilik ənənələrinə söykənən, hakimiyyəti mərkəzləşdirən, siyasi rəqabəti məhdudlaşdıran və xüsusi xidmət orqanlarının rolunu artıran idarəçilik modeli formalaşdırmağa başladı.
Bununla belə, Qərbin ilkin mərhələdə Putinlə əməkdaşlığa üstünlük verməsi üçün müəyyən əsaslar da vardı. 2001-ci il 11 sentyabr terror hücumlarından sonra antiterror əməkdaşlığı, NATO–Rusiya Şurasının yaradılması və iqtisadi əlaqələrin genişlənməsi Moskva ilə münasibətlərin konstruktiv istiqamətdə inkişaf edə biləcəyi təəssüratını gücləndirirdi.
Lakin Rusiyada siyasi mərkəzləşmə, müstəqil medianın sıxışdırılması, regional hakimiyyətlərin səlahiyyətlərinin məhdudlaşdırılması, siyasi müxalifətə təzyiqlər və xüsusi xidmət orqanlarının dövlət idarəçiliyində artan rolu başqa mənzərə yaradırdı.
Putinin hakimiyyətinin ilk illərində Çeçenistandakı müharibənin daha da sərtləşdirilməsi, 2008-ci ilin avqustunda Gürcüstana qarşı hərbi əməliyyat, 2014-cü ildə Krımın işğalı və ilhaqı, Donbasda separatçı qüvvələrin dəstəklənməsi, 2022-ci il fevralın 24-də isə Ukraynaya qarşı genişmiqyaslı işğal müharibəsinin başlanması bu siyasətin müxtəlif mərhələləri oldu.
Beləliklə, 1991-ci ildə süqut edən sovet imperiyasının yerində müstəqil dövlətlər sistemi yaransa da, Moskvanın keçmiş imperiya ərazilərində siyasi, hərbi, iqtisadi və kəşfiyyat təsirini bərpa etmək cəhdləri dayanmadı.
Burada vacib məqamı xüsusi vurğulamaq lazımdır: bugünkü Rusiyanın formalaşmasını yalnız Qərbin siyasəti ilə izah etmək olmaz. Rusiya daxilindəki avtoritar siyasi ənənə, imperiya təfəkkürü, oliqarxik maraqlar, təhlükəsizlik bürokratiyasının güclənməsi və demokratik institutların zəifliyi də bu prosesin əsas səbəbləri idi.
Lakin Qərbin özünə ünvanlanmalı sual dəyişmir: bütün bu təhlükəli tendensiyalar görünməyə başladığı halda, niyə onlara qarşı daha ardıcıl və təsirli siyasət həyata keçirilmədi?..
(Davamı var)