Tıxacları aradan qaldırmaq üçün maraqlı təklif

Son dövrlər Bakıda günün demək olar ki, bütün saatlarında müşahidə olunan tıxacların azaldılması üçün Xəzər dənizindən ictimai nəqliyyat məqsədilə istifadə təklif olunur.

Bakı bulvarı, Zığ, Şıxov, Pirşağı, Bilgəh, Novxanı və Sumqayıt istiqamətlərində sərnişin bərələrinin və su taksilərinin fəaliyyətinin təşkili mümkün variantlar kimi nəzərdən keçirilir. Bu sistem sahilboyu ərazilər arasında alternativ nəqliyyat əlaqəsi yarada bilər.

Dünya təcrübəsində bu modeldən İstanbul, Stokholm, Nyu-York, Sidney, London və Venesiya kimi şəhərlərdə istifadə olunur. Lakin mütəxəssislər bildirirlər ki, Bakı ilə həmin şəhərlər arasında coğrafi və infrastruktur fərqləri var. Xəzərdə dalğalanmanın güclü olması, dənizin dayazlaşması, neft buruqlarının və dəmir tullantılarının mövcudluğu sərnişin daşımalarının təşkili üçün ciddi çətinliklər yarada bilər.

Ekspertlərin fikrincə, belə bir layihənin reallaşması üçün ilk növbədə dənizin texniki imkanları, sahil infrastrukturunun vəziyyəti, iqtisadi səmərəlilik və ekoloji təsirlər araşdırılmalıdır. Yalnız bu məsələlərə aydınlıq gətirildikdən sonra Xəzər dənizində sərnişin daşımalarının Bakı üçün nə dərəcədə effektiv olacağını müəyyənləşdirmək mümkündür.

Ətraflı "ARB24"-ün videomaterialında: