Meloni: Liviyaya hücumdan sonra Ukraynaya yardım çətinləşəcək

İtaliya Baş naziri Corciya Meloni Ukraynanın Liviyanın Benqazi limanına hava zərbələrindən sonra Romanın Kiyevə yardım göstərməsinin çətinləşəcəyini bildirib.

Bu barədə “La Repubblica” məlumat yayıb.

Meloni ilə Zelenski arasında dünən telefon danışığı baş tutub. Söhbət zamanı bu məsələ ətrafında fikir mübadiləsi aparılıb.

Nəşr yazıb ki, baş verənlər Ukraynaya yardım göstərməkdə çətinlik çəkən Roma üçün ciddi problemlər yaradır. Meloni də qeyd edib ki, artıq İtaliya parlamentində Ukraynaya hərbi dəstəyin davam etdirilməsinə qarşı çıxanların sayı artır.

İtaliya hökumətinin başçısı da Ukraynanın Liviyaya zərbələrindən narazıdır.

Romada narazılıq Ukraynanın əməliyyat barədə İtaliyanı əvvəlcədən məlumatlandırmaması ilə əlaqəlidir. Nəşrin fikrincə, İtaliya hökuməti Böyük Britaniya və ABŞ-nin əməliyyatdan xəbərdar olduğuna şübhə etmir. Fransanın məlumatlı olub-olmaması isə dəqiq bilinmir.

Baş verənlərlə bağlı narahatlığını yalnız İtaliya ifadə edib.

“La Repubblica”nın bildirdiyinə görə, Liviya İtaliya üçün həm enerji təchizatı, həm də nəqliyyat marşrutları baxımından strateji əhəmiyyət daşıyır. İtaliyanın “Eni” şirkəti Liviyanın hasilat sektorunda fəaliyyət göstərir. Digər mühüm məsələ isə miqrasiyadır. İtaliyaya qanunsuz miqrant axını məhz Şimali Afrika sahillərindən başlayır.

Noyabrın 22-də Ukrayna Liviyanın Benqazi limanına dronlarla zərbə endirib. Hava hücumu zamanı Rusiya hərbi gəmisi hədəfə alınıb.

Liviya Prezident Şurası sədrinin müavini Musa əl-Kuni hücuma görə məsuliyyəti öz üzərinə götürdüyünü bəyan edən Ukraynanın bu addımlarını Liviya dövlətinə müharibə elanına bərabər qiymətləndirib.