“Neftçi”nin futbolçusu:

“Mənə hansısa klubdan təklif gəlməyib, barəmdə deyilənlər yanlış məlumatdır. Hazırda heç bir kəslə də danışıq olmayıb, transfer iddiaları yalandır. Bütün diqqətim “Neftçi”dədir”.

Bunu açıqlamasında “Neftçi”nin və Azərbaycan millisinin futbolçusu Rüfət Abbasov deyib.

21 yaşlı müdafiəçi Azərbaycan Premyer Liqasının XIII turunda “Zirə”ni 1:0 hesabı ilə məğlub etdikləri oyunu dəyərləndirib:

“Azarkeşlərimizin qarşısında oynayırdıq, bilirdik ki, bizi çox çətin oyun gözləyir. Hər oyuna qələbə üçün çıxırıq, bu oyuna da qələbə üçün çıxmışdıq. Əsas odur, buna nail olduq”.

Abbasov qarşılaşmanın ikinci hissəsində yaşanan gərginliklər barədə də danışıb:

“Məncə, 56-cı dəqiqədə Eren Aydının mənə dirsəklə zərbə yetirdiyi epizod qırmızı vərəqə idi, amma hakim sarı vərəqə çıxartdı. Yenə də heç nə deyə bilmərəm. Ümumiyyətlə, hakim qərarlarını müzakirə etməyi sevmirəm, heç bir etirazım da yoxdur. Deyəsən, oyunun sonunda gərginlik artdı. Dəqiq bilmirəm, çünki uzaqda idim. Amma bu, futboldur, belə hallar normaldır. Ümumiyyətlə, qarşılaşma həqiqətən gərgin keçdi”.

Müdafiəçi komandanın hədəfləri ilə bağlı fikirlərini də bölüşüb:

“Əlbəttə, birinci öz oyunumuzu düşünürük, həmişə öz oyunumuzda qələbə qazanmaq istəyirik. 90 illiyimizdə çempion olmaq istəyirik. Bir məqsədimiz var, bunun ardınca getmək istəyirik. Əlbəttə, rəqiblərimizlə aramızdakı xal fərqini artırmaq istəyirik. Mən də oyunçu kimi hər gün inkişaf etmək istəyirəm və komandamız üçün əlimdən gələni etməyə çalışıram”.

Rüfət Abbasov sonda “Neftçi” azarkeşlərinə müraciət edib:

“Burada “Neftçi” azarkeşlərinə təşəkkürümü bildirmək istəyirəm, çünki hər oyunda gəlib bizi dəstəkləyirlər. Bundan sonra da dəstəkləmələrini istəyirəm. İnşallah, biz də oyunumuz və qələbələrimizlə onları sevindirə bilərik”.

Qeyd edək ki, hazırda “Neftçi” 30 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.