Azərbaycanda klub və yığma məşqçiləri, eləcə də futbolçular arasında geniş yayılmış bir adət var.
Bizim mütəxəssislərin məğlubiyyətdən sonra nə deyəcəyini, edəcəyini təxmin etmək olur. Bu yaxınlarda gənc futbolçulardan birinin açıqlaması qarşıma çıxdı. Tanımayan, yaxud da üzünü görməsən, elə bilərsən ki, 90 yaşında ağsaqqal bir futbol mütəxəssisidi və çıxıb oyunu təhlil edir. Onun danışdıqları əksər azərbaycanlı mütəxəssislərin dediklərinin təkrarı idi:
“Oyunun çətin keçəcəyini bilirdik, rəqib də yaxşı hazırlaşmışdı. Əlimizə düşən fürsətləri dəyərləndirməyə çalışdıq, rəqibin də qol fürsəti oldu...”
Belə “müdrik təhlil”, əslində isə standart və çeynənmiş sözlər ilə hara gedə bilərik? Acınacaqlı vəziyyət gözümüzün önündədi. Elə belə “fəlsəfi yanaşmanın” nəticəsidi ki, azərbaycanlı məşqçiləri “Biləcəridən o tərəfdə” tanıyan yoxdu. Samir Abasov hər dəfə işsiz qalanda onun mətbuatdakı dostları qollarını çırmalayıb, təbliğata başlayırlar. Bir gün oxuyuruq ki, Samir bəyə Avropadan dəvət var, o biri gün eşidirik ki, hansısa Asiya təmilçisi həmyerlimizə “elçi düşüb”. Ay ötüb, il dolanandan sonra Samir Abasov ya “Neftçi”də peyda olur, ya da “Sumqayıt”da.
“Sabah”ın litvalı baş məşqçisi Valdas Dambrauskasın daim mütailə etdiyini, öyrənməyə çalışdığını tez-tez vurğulayırıq. Litvalı mütəxəssis bu mütailənin ona nə verdiyini elə oyunsonrası mətbuat konfranslarında da hiss etdirə bilir. “Barselona”ya 1:4 hesablı məğlubiyyət hamımız kimi Dambrauskasın da əhvalını pozsa da, adam reallıq hissini itirməyib. Onun mətbuat konfransında dediklərindən bir sitata baxaq:
“Əlimizdən gələni edəcəyimizi demişdim. Məncə, bunu bacardıq. Qabiliyyətlərimizdən daha çoxunu göstərməyə çalışdıq. Amma kifayət etmədi. Oyuna yaxşı başladıq, boşluqlar buraxmamağa çalışdıq. Onların topu bir-birinə necə ötürdüklərini, necə sürətli çıxış etdiklərini gördüz. Rəqibə baxanda gözlərim və boynum ağrıyırdı. Müəyyən zamandan sonra başa düşdük ki, boşluqlar yaranır, arxaya gəlməyə çətinlik çəkirik. Xüsusən ilk hissədə daha yaxşısını edə bilərdik. Oyunçularım ölkə çempionatında şaquli oynayırlar, “Barselona” ilə matçda isə mərkəzdən irəliləmək mümkün olmur. Bu matçda cinahlarla oynamaq lazım idi”.
“Sabah”ın baş məşqçisi bir çox məsələlərdə azərbaycanlı həmkarları, eləcə də gələcəkdə bu işlə məşğul olmaq istəyən futbolçular üçün yaxşı nümunədi. Komandası 1:4 hesabıyla uduzan mütəxəssis şablon cümlələrdən yararlanmır, bəhanələr arxasına sığınmır, oyunu düzgün təhlil edir və həqiqətləri deyir. Səviyyə fərqini onsuz da hamı bilir və heç kim Dambrauskasdan “Sabah”ın İspaniya nəhəngini məğlub etməsini gözləmir. Əvəzində çalışdırıcı reallıqları və səviyyə fərqini bizə futbol diliylə izah etməyə çalışır. Özü də Dambrauskas məğlubiyyətə belə yanaşan yeganə çalışdırıcı deyil. Bizim mütəxəssislər üçün daha bir nümunəni “Real”a 1:5 hesabıyla məğlub olan Peter Bosdan gətirə bilərəm.
Dəyərli oxucularıma 63 yaşlı Bosun Madriddəki ağır məğlubiyyətdən sonra dedikləriylə yaxından tanış olmağı təklif edirəm. Bunu niyə istədiyimi indi qeyd edəcəyim sitatdan da anlayacaqsız. Bos 1:5 hesablı məğlubiyyəti belə şərh edib:
“Real”ı günlərcə təhlil edib, boşluq axtara bilərsiz. Amma sonra oyun başlayar və bir şeyi taktika taxtasında anlatmaqla onu sahədə tətbiq etmək arasında nə qədər fərq olduğunu anlayarsız...”
Çalışdırıcı fikirlərinin davamında “Real”ın ulduz futbolçularının keyfiyyətlərini ayrı-ayrılıqda incələyir, onları nə üçün dayandıra bilmədiklərini izah edir. Əminəm ki, bu açıqlamalarla tanış olsaz, sizin də Peter Bosa hörmətiniz artacaq. Necə ki, mən onun dediklərini heyranlıqla oxudum və çox şey öyrəndim.
Gün o gün olsun ki, azərbaycanlı mütəxəssislər də şablonlardan imtina etsin, bəhanələri və hakimləri yamanlamağı unutsun, həqiqətləri deməkdən qorxmasınlar. İnkişaf da onda mümkün olacaq.