“Barselona”nın müdafiəçisi Alexandro Baldenin gələcəyi qış transfer pəncərəsində həllini tapa bilər. Avropanın bir sıra nəhəng klublarının maraq göstərdiyi futbolçunun Kataloniya təmsilçisindən ayrılması isə müəyyən şərtlərdən asılıdır.
“Sport” nəşrinin məlumatına görə, Balde baş məşqçi Hansi Flikin planlarında əvvəlki mövqeyini itirib. Bu səbəbdən klub rəhbərliyi onun yanvar ayında mümkün satışına qarşı deyil.
Lakin “Barselona” müdafiəçini buraxmazdan əvvəl solayaqlı mərkəz müdafiəçisi transfer etməyi planlaşdırır. Bu futbolçunun həm cinahda komandaya kömək etməsi, həm də Cerard Martinin sol cinah müdafiəçisi mövqeyində daha çox şans qazanmasına imkan yaratması nəzərdə tutulur.
Baldenin transferində xüsusilə İtaliya klubları fəallıq göstərir. “Milan” və “Yuventus” ispaniyalı futbolçunu heyətinə qatmaq istəyir. “Corriere dello Sport”un yazdığına görə, müdafiəçinin transfer dəyəri təxminən 50 milyon avro qiymətləndirilir.
Maliyyə baxımından bu məbləği birdəfəlik ödəməkdə çətinlik çəkən “Milan” futbolçunu mövsümün sonuna qədər icarəyə götürmək, daha sonra isə müəyyən şərtlərlə məcburi satınalma bəndi əlavə etmək variantını nəzərdən keçirir. Baldenin illik təxminən 6 milyon avro maaşı da danışıqların əsas məsələlərindən biridir.
“Yuventus” da yanvarda müdafiəçini icarəyə götürmək ehtimalını dəyərləndirir. Baş məşqçi Luçano Spaletti müdafiənin sol cinahında alternativləri artırmaq istəyir.
Baldeyə İngiltərədən də maraq var. “Liverpul”, “Mançester Yunayted” və “Tottenhem” futbolçunun vəziyyətini izləyir. Onun meneceri Jorje Mendeş artıq “Liverpul” və “Mançester Yunayted”lə mümkün transferin maliyyə şərtlərini müzakirə edib.
Məlumata əsasən, “Barselona” futbolçunu təxminən 30 milyon avroya birdəfəlik satmağa üstünlük verir. Bununla belə, icarə müqaviləsində satınalma opsionunun olması və futbolçunun maaşının tamamilə yeni klub tərəfindən ödənilməsi şərti ilə belə bir razılaşmaya da müsbət yanaşa bilər.