Azərbaycana gətirilən əczaçılıq məhsulları 36 faiz bahalaşıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycana idxal olunan əczaçılıq məhsullarının qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 36.2 faiz artıb. Cari ilin ilk 10 ayında isə ölkəyə gətirilən əczaçılıq məhsullarının çəkisi 18.2 faiz azalsa da, onların idxalına çəkilən xərc 22.75 milyon dollar yüksəlib.

Moderator.az rəsmi statistikaya əsasən xəbər verir ki, cari ilin yanvar-oktyabr aylarında Azərbaycana 447.51 milyon ABŞ dolları dəyərində 12 min 70.18 ton əczaçılıq məhsulu idxal edilib.

2025-ci ilin eyni dövründə isə ölkəyə 424.75 milyon dollarlıq 14 min 750.23 ton məhsul gətirilmişdi. Beləliklə, idxalın çəkisi iki min 680.05 ton azaldığı halda dəyəri 5.4 faiz artıb.

Cari ilin yanvar-sentyabr aylarında əczaçılıq məhsulları üzrə idxal qiymət indeksi 136.2 faiz təşkil edib. Həmin dövrdə ölkə üzrə ümumi idxal qiymətlərində 26.4 faizlik artım qeydə alınıb. Əczaçılıq məhsullarının bahalaşması ümumi göstəricini 9.8 faiz bəndi üstələyib.

Əczaçılıq məhsullarının idxalına çəkilən xərclərin artması Azərbaycanın ümumi idxalının azaldığı dövrə təsadüf edib. Rəsmi məlumatlara əsasən, ölkənin bütün mallar üzrə idxalı ötən ilin ilk 10 ayındakı 19.23 milyard dollardan cari ilin eyni dövründə 15.27 milyard dollara enib. Bu isə 20.6 faiz azalma deməkdir.

Əczaçılıq məhsullarının idxal dəyərinin yüksəlməsi onların ümumi idxaldakı payının da artmasına səbəb olub. Ötən ilin yanvar-oktyabr aylarında 2.21 faiz olan bu göstərici cari ilin eyni dövründə 2.93 faizə çatıb.

9 aylıq rəsmi statistika əczaçılıq məhsulları idxalının strukturunu da müəyyənləşdirməyə imkan verir. Yanvar-sentyabr aylarında ölkəyə 382.45 milyon dollarlıq əczaçılıq məhsulu gətirilib. Bunun 339.89 milyon dolları dozalara bölünmüş və ya pərakəndə satış üçün qablaşdırılmış dərman vasitələrinin payına düşüb. Bu kateqoriya ümumi əczaçılıq idxalının 88.9 faizini təşkil edib.

İmmun zərdabları, qan fraksiyaları, immunoloji məhsullar, vaksinlər və digər analoji məhsulların idxalına 30.07 milyon dollar, tibbi pambıq, tənzif, bint və digər sarğı materiallarının alınmasına isə 3.21 milyon dollar xərclənib.

Ölkələr üzrə bölgüdə 9 aylıq idxalın dəyərinə görə Türkiyə birinci yerdə qərarlaşıb. Bu ölkədən Azərbaycana 98.60 milyon dollarlıq əczaçılıq məhsulu gətirilib. Bu, ümumi əczaçılıq idxalının 25.8 faizinə bərabərdir.

Almaniyadan idxalın dəyəri 39.03 milyon, Hindistandan 23.39 milyon, Rusiyadan 22.25 milyon, İtaliyadan isə təxminən 20 milyon dollar təşkil edib. Bu beş ölkənin payına yanvar-sentyabr aylarında Azərbaycanın əczaçılıq məhsulları idxalının 53.2 faizi düşüb.

Əczaçılıq məhsullarının ixracı isə idxalla müqayisədə xeyli aşağı səviyyədə qalıb. Rəsmi məlumatlara görə, 2026-cı ilin ilk 10 ayında Azərbaycandan 2.29 milyon dollarlıq əczaçılıq məhsulu ixrac edilib. Ötən ilin eyni dövründə bu məbləğ 2.22 milyon dollar olub. İxracın dəyəri 3.3 faiz artıb.

Beləliklə, cari ilin yanvar-oktyabr aylarında əczaçılıq məhsulları üzrə idxal ixracı təxminən 195 dəfə üstələyib. Bu mal qrupu üzrə xarici ticarətdə 445.22 milyon dollarlıq mənfi saldo yaranıb.