İranın cənubunda yerləşən Hörmüzqan vilayətində spirtli içkilərdən zəhərlənmə halları bu dəfə cənub-qərbdə yerləşən Kohgiluyə və Buyir-Əhməd vilayətində qeydə alınıb.
Bu barədə İranın Kohgiluyə və Buyir-Əhməd vilayətinin polis rəisi Mehdi Ənsari deyib.
“İndiyə qədər Kohgiluyə və Buyir-Əhməd vilayətində küstar üsulla hazırlanmış spirtli içkilərdən zəhərlənmə nəticəsində 2 nəfər ölüb”, -deyə o qeyd edib.
Ənsari əlavə edib ki, ümumilikdə vilayətdə indiyə qədər 17 nəfər spirtli içkilərdən zəhərlənib. Zəhərlənənlərdən ikisi komadadır, bir neçəsi isə evə buraxılıb.
Polis rəisi zəhərlənənlərdən üç nəfərinin Yasuc Tibb Elmləri Universitetinin tələbəsi olduğunu qeyd edib.
Əlavə edək ki, ötən bir neçə gün ərzində Hörmüzqan vilayətində spirtli içkilərdən zəhərlənənlərin sayı 119 nəfərə yüksəlib. Zəhərlənənlərdən on nəfər ölüb.