Simonyan səfəri zamanı bu məsələyə aydın cavab verməlidir...

Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra yaratdığı reallıqlar otuz ilə yaxın Ermənistanın işğalçılıq siyasətindən, müharibə təhdidlərindən əziyyət çəkən Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsi, qarşıdurmaların əməkdaşlıqla əvəzlənməsi üçün münbit zəmin formalaşdırıb. Hazırda region heç vaxt olmadığı qədər sülhə yaxındır. Bu məqsədlə, xüsusilə ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə əldə olunan mühüm razılaşmalara uyğun olaraq hər iki ölkədə dövlətlər və hökumətlər tərəfindən ardıcıl tədbirlər görülür.

Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Onun sözlərinə görə, regionda sülh quruculuğu prosesində qalib Azərbaycanın rolu həlledicidir:

“Müharibədən sonra Azərbaycan özünün həqiqətlərini, regionda yaratdığı reallıqları dünyaya qəbul etdirməyə nail oldu. Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə liderlərin verdiyi birgə Bəyanat, sülh sazişinin paraflanması bunun təsdiqlənməsidir. Artıq hər iki cəmiyyət sülhün iqtisadi, ticari və digər sahələrdə real faydalarının şahidi olur. Belə ki, Azərbaycanın neft məhsulları, üçüncü ölkələrdən taxıl və digər məhsullar ölkəmizin ərazisindən keçməklə Ermənistana ixrac edilir. Eyni zamanda, cəmiyyətləri sülhə hazırlamaq üçün vətəndaş cəmiyyətlərinin nümayəndələri qarşılıqlı olaraq səfərlər edirlər. Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyəti təsisatlarının iştirakı ilə yaradılan “Sülh Körpüsü” platforması etimad quruculuğu prosesində fəal rol almağa başlayıb. Artıq hər iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin bir neçə dəfə qarşılıqlı səfərləri baş tutub. Bu da təsadüfi deyil. Çünki sülh prosesi dövlətlər və liderlər tərəfindən irəli aparıldığı kimi, cəmiyyətlər də barışığa hazırlanır”.

Deputat bildirib ki, vətəndaş cəmiyyəti ilə yanaşı, dövlət və hökumət nümayəndələrinin də qarşılıqlı səfərləri sülh prosesində vacib amildir:

“Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan qarşılıqlı olaraq səfərləri buna nümunədir. Bugünlərdə isə erməni mediası Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın yaxın vaxtlarda Azərbaycana səfər edəcəyi barədə məlumat yayıblar. Alen Simonyan jurnalislərə açıqlamasında məlumatı təsdiqləyib və səfərin dekabrın əvvəlində nəzərdə tutulduğunu deyib. Simonyan səfər zamanı müzakirə olunacaq məsələlərin gündəliyinin əvvəlki görüşlərin gündəliyindən çox da fərqlənməyəcəyini deyib”.

Millət vəkili xatırladıb ki, bu il iyunun 14-də Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistana – Dilican şəhərinə səfər etmişdi:

“Səfər zamanı o, Ermənistan Təhlükəsizlik Şurasının o vaxtkı katibi Armen Qriqoryanla görüşmüşdü. Göründüyü kimi, A.Simonyanın ölkəmizə səfəri cavab səfəri kimi dəyərləndirilə bilər”.

“Lakin A.Simonyanın səfər zamanı aparılacaq müzakirələrin əvvəlkilərdən fərqlənməyəcəyini deməsi heç də əsaslı deyil. Çünki bir neçə gün əvvəl Ermənistanda yeni konstitusiya layihəsinin mətninin açıqlanması bu ölkədə siyasi gərginliyi artırıb. Faktiki olaraq, parlament müxalifətinin həmin layihənin referenduma çıxarılmaması üçün real təsir imkanı var. Nəzərə alaq ki, Azərbaycan üçün Ermənistan konstitusiyasında dəyişiklik edilməsi, ölkəmizə qarşı ərazi iddialarının bu sənəddən çıxarılması prinsipial xarakter daşıyır. Əgər, bu dəyişiklər baş verməsə sülh sazişi imzalanmayacaq. Bu da ilk növbədə, məhz Ermənistanın ziyanına olacaq. Bu baxımdan, A.Simonyan ölkəmizə səfəri zamanı bu məsələyə aydın cavab verməlidir. Ona görə də, gözlənilən səfər əvvəlki görüşlərdən müəyyən qədər fərqlənə bilər”, - Samir Vəliyev qeyd edib.