"Yaşıl Enerji Dəhlizi" ilə bağlı Avropa Komissiyasına rəsmi müraciət edildi

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinə Avropa İttifaqının Qarşılıqlı Maraq Doğuran Layihəsi (PMI) statusunun verilməsi məqsədilə Avropa Komissiyasına rəsmi müraciət təqdim olunub.

Bu barədə açıqlamasında Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Kamal Hacıyev deyib.

O bildirib ki, GECO şirkətinin müraciəti əsasında dəhlizin Faza 1 və Faza 2 layihələri ENTSO-E-nin növbəti Onillik Şəbəkə İnkişaf Planı (TYNDP 2026) çərçivəsində qiymətləndiriləcək layihələrin ilkin siyahısına daxil edilib.

"Məlum olduğu kimi, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırma mərhələsi başa çatıb. İtaliyanın “CESI S.p.A.” şirkətinin hazırladığı sənədin yekun nəticələri iyulda Bakıda keçirilən 12-ci Nazirlər/Rəhbər Komitənin görüşündə təqdim olunub.

Oktyabrın 22-də Bakıda keçirilən investisiya forumunda isə nəticələr İtaliya şirkətləri də daxil olmaqla beynəlxalq investorlara və maliyyə institutlarına nümayiş etdirilib. Layihə üzrə Komitənin sonuncu - 13-cü iclası noyabrın 23-də Buxarestdə baş tutub.

Layihənin ilkin qrafikinə əsasən, 2029-cu ildə yekun investisiya qərarı qəbul ediləcək. 2032-ci ildə layihənin birinci mərhələsi üzrə 1,3 GVt ötürmə gücünə malik elektrik xəttinin, 2036-cı ildə ikinci mərhələnin, 2040-cı ildə isə üçüncü mərhələnin istismara verilməsi planlaşdırılır".