Estoniya Azərbaycanla rəqəmsallaşma, süni intellektin tətbiqi və müdafiə sənayesi sahələrində əməkdaşlığın inkişafında maraqlıdır.
Bunu Estoniyanın xarici işlər naziri Marqus Tsaxna Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirilən brifinqdə deyib.
Nazir bildirib ki, Avropa İttifaqı son bir ildə qlobal miqyasda fəallığını artırıb və Merkosur, Hindistan, Avstraliya və digər tərəfdaşlarla azad ticarət sazişləri üzrə işləri yekunlaşdırıb.
Onun sözlərinə görə, Avropa İttifaqı hazırda Azərbaycan və regionla əməkdaşlığın genişləndirilməsi istiqamətində intensiv fəaliyyət göstərir. Bu əməkdaşlıq ticarət dəhlizləri və enerji investisiyalarını əhatə edir.
Tsaxna qeyd edib ki, Estoniya Avropa İttifaqının üzvü kimi bu imkanlardan faydalanmaqla yanaşı, Azərbaycanla ikitərəfli əlaqələrin inkişafında da maraqlıdır.
O vurğulayıb ki, Estoniya rəqəmsallaşma, süni intellektin tətbiqi və müdafiə sənayesi sahələrində yüksək təcrübəyə malikdir və bu istiqamətlərdə Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.