Ceyhun Bayramov: Azərbaycanın ATƏT-ə sədrlik etməsi ilə bağlı təklifə müsbət yanaşırıq

Azərbaycan ATƏT-ə sədrlik etməklə bağlı irəli sürülən təklifə konsensus əldə olunacağı təqdirdə müsbət yanaşır.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda estoniyalı həmkarı Marqus Tsaxna ilə birgə keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, hazırda ATƏT-ə İsveçrə sədrlik edir və onun sədrlik müddəti bu il dekabrın 31-də başa çatır. İsveçrədən sonra təşkilata sədrlik edəcək ölkənin müəyyənləşdirilməsi ilə bağlı bir ildən artıqdır müzakirələr aparılsa da, bütün üzv dövlətlər üçün məqbul olan namizəd üzərində razılıq əldə edilməyib.

Bayramovun sözlərinə görə, ATƏT-də qərarların konsensus əsasında qəbul edilməsi və təşkilat məkanında mövcud olan gərginlik bu prosesin çətinləşməsinə səbəb olub.

O qeyd edib ki, son həftələrdə məsləhətləşmələr intensivləşib və alternativ təkliflər irəli sürülüb. Bu çərçivədə Azərbaycana da namizədliyinin irəli sürülməsi təklif olunub.

Nazir bildirib ki, müzakirələrdə yalnız bir il üçün deyil, 2027, 2028 və 2029-cu illəri əhatə edən paket təklifin formalaşdırılması yanaşması da gündəmə gəlib.

Bayramovun sözlərinə görə, ilkin təklifdə Azərbaycanın adı yer alıb, daha sonra paketə Ermənistanın da daxil edilməsi məsələsi müzakirə olunub.

O vurğulayıb ki, Azərbaycan təşkilatın gələcəyinə müsbət töhfə verməyə hazırdır və konsensus əldə olunacağı təqdirdə bu təklifə müsbət yanaşır.

Nazir əlavə edib ki, bununla bağlı məsləhətləşmələr intensiv şəkildə davam edir, lakin yekun nəticəni indidən proqnozlaşdırmaq istəmir.