Türkiyənin "Beşiktaş" ilə İsrailin "Hapoel’’ komandaları UEFA Avropa Liqasının V turu çərçivəsində Batumidə üz-üzə gəlib.
Matçın 25-ci dəqiqəsində Gürcüstan polisi tribunalarda yaranan gərginliyə sərt müdaxilə edib. Məlumata görə, oyundan əvvəl Fələstin bayraqları qaldıran azarkeşlərə də təzyiq göstərən polis əməkdaşları gözyaşardıcı qazdan istifadə ediblər.
Gözyaşardıcı qazdan zərər çəkən azarkeşlərə stadiondakı tibbi briqadalar tərəfindən ilkin yardım göstərilib. Stadiondakı səsgücləndiricilərdən "Beşiktaş" azarkeşlərinə sakit olmaq barədə xəbərdarlıq edilib. "Beşiktaş"ın futbolçuları da tribunaların önünə gələrək azarkeşləri sakitləşdirməyə çalışıblar.
Tribunada baş verən hadisələr səbəbindən matç 25-ci dəqiqədə dayandırılıb. Hər iki komandanın futbolçuları da meydanı tərk ediblər. Hakimlər briqadasının paltardəyişmə otağından qayıtmasından sonra matç bərpa edilib. Gərgin keçən qarşılaşma "Beşiktaş"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Türkiyə Xarici İşlər Nazirliyi Batumidə olan vətəndaşlarının təhlükəsizliyini yaxından izlədiyini açıqlayıb. Hakan Fidan məsələ ilə bağlı gürcüstanlı həmkarı Maka Botçorişvili ilə telefon əlaqəsi saxlayıb.